DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


"Zaminbank" vətəndaşların evini necə əlindən alır?

Qarabağ əlilinin atasız qalan körpəsi küçəyə atılıb

Hazırda Azərbaycan məhkəmələrində baxılan mülki işlərin böyük bir hissəsi banklarla vətəndaşlar arasında kredit borcuna görə yaranmış mübahisələrdir. Kütləvi hal almış bu prosesdə diqqət çəkən məqam isə istər bankların, istərsə də məhkəmələrin vətəndaşlara münasibətdə son dərəcə amansızlığıdır. Sanki məhkəmələrin əlilə vətəndaşların olan-qalanını da əlindən almağı banklar qarşıya məqsəd qoyublar. Ən dəhşətlisi budur ki, banklar vətəndaşların varını-yoxunu əlindən almaq yolunda heç bir qanunsuzluqdan çəkinmir. Bu yolda onlara birbaşa dəstək verən məhkəmələr də özlərinə məlum olan, bizim isə ehtimal edə biləcəyimiz səbəblərdən bu qanunsuzluqlara göz yumurlar. Göyçay rayonunda "Zaminbank" rəhbərliyinin vətəndaşların başına açdığı oyunlarla bağlı təqdim edəcəyimiz iki fakt orada nələr baş verdiyini təsəvvür etmək üçün kifayətdir.

Qarabağ əlilinin ölümü və ailəsinin başına açılan oyunlar

Özü ikinci qrup Qarabağ əlili olan Qənimət Rəhmanova ilə "Zaminbank"ın Göyçay filialının müdiri İlqar Fərzəliyev arasında hazırda məhkəmə çəkişməsi gedir. Səbəb də budur ki, Qənimət Rəhmanovanın və ailənin digər üzvlərinin razılığı, imzası olmadan girov qoyulmuş və dəyəri təxminən 90-100 min manat olan evi əlindən alınıb. İndi Qənimət Rəhmanova bilmir ki, kirayə pulunu versin, birinci qrup Qarabağ əlili olmuş, evlənəndən cəmi il yarım sonra dünyasını dəyişən oğlunun həyat yoldaşı və körpə uşağını saxlamaq üçün çörək pulu tapsın, yoxsa notariat kontoru və digər qurumlarla əlaqələr vasitəsilə qanunsuzluq edib evini əlindən alanların cəzalandırılması, mülkünün geri qaytarılması üçün hüquq-mühafizə orqanlarının, məhkəmələrin yolunda qalsın...
Qənimət xanım deyir ki, Qarabağ döyüşlərində yaralanmış oğlu faktiki acından ölürdü. Ona görə də dövlət tərəfindən verilmiş torpaq sahəsində kiçik bir köşk tikdirib, xırda ticarətlə çörəkpulu qazanmaq istəyib. Bu məqsədlə də atası "Zaminbank"ın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qəbulunda olub: "Yoldaşım deyib ki, oğlumun və özümün pensiya kartlarımızı girov qoyaq, bizə kredit ayırın. İlqar Fərzəliyev deyib ki, yox, mümkün deyil. Yoldaşıma təklif eləyib ki, evini oğlunun adına keçir, girov qoyaq, pul verim. Yoldaşım deyib ki, mənim evimdə o qədər külfətim var, necə eləyim? Ev kitabında 16 nəfərin qeydiyyatı var. Deyib ki, sən sadəcə, razılıq ərizəsi yaz, notarius-filan məsələləri mənlikdi. Beləcə, ev kitabında qeydiyyatda olanların heç birinin razılığı, imzası olmadan ev üç illik baş etibarnamə ilə oğlumun adına keçib və girov qoyulub, amma evdə qeydiyyatı olanların heç birinin imzası, razılığı olmadan. Evə Bankın sənədlərindən görünür ki, evimə 60 min pul qoyulub, 25 min verilib. O 25 minin də 500-ünü elə pulu götürəndə xidmət haqqı adıyla alıblar. İki aylıq kredit ödənişini də elə pulu götürən kimi ödəyib. Köşk yarımçıq tikilmişdi ki, oğlum tamamilə yatağa düşdü, tikili yarımçıq qaldı. Materiallara verdiyimiz pul da arada getdi. 8 ay oğlum yataqda qaldı, bulyonu qaynadıb süzüb verməklə həmin müddətdə onu saxlayırdım. Oğlum evlənəndən düz il yarım sonra dünyasını dəyişdi. Onu da deyim ki, bankda ödəniləndən əlavə, sonradan da müəyyən məbləği banka ödəmişdik. Oğlum rəhmətə gedəndən sonra İlqar Fərzəliyevə gedib yalvardım ki, qurban olum, cavan gəlinlə, körpə uşaqla bizi küçəyə atma, pulu ödəyəcəyik. Axı o körpənin atası bu vətənin yolunda canını qoyub... Dedim ki, həyat yoldaşım Əmək veteranıdır, yaxşı pensiya alır, həm onun, həm də özümün pensiya kartımı qoyum, banka olan borcumuz qurtarana qədər götürməyəcəm. Evimdə də nəyim varsa, satıb, pulunu ödəyəcəm. Dedi ki, sən nə danışırsan, evdən çıxmalısız. Hazırda 90-100 min qiyməti olan, bankın özünün də 60 minə dəyərləndirdiyi evimi 20 min 500 manata guya, satdı. Bizi polislər sürüyə-sürüyə evimizdən çıxarıb atdılar. İlqar Fərzəliyevin yanına getdim, mənə dedi ki, get, kimə istəyirsən şikayət elə, lap elə prezidentinə də, mən heç kimdən qorxmuram..."

"Belə Allahsızlıq olar?!"

Qeyd edək ki, Qənimət Rəhmanova Göyçay rayon məhkəməsinin onun evinin əlindən alınması haqda qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət verib. Şəkidə bu iş üzrə qərar çıxarılana qədər baş prokuror Zakir Qaralov İsmayıllıda vətəndaşları qəbul edib. Qənimət xanım da onunla görüşə bilib, dərdini danışıb, sənədləri təqdim edib. Həmçinin ədliyyə naziri Fikrət Məmmədovun da qəbuluna düşə bilib. Bundan sonra Şəki Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Qarşı tərəf - "Zaminbank"ın Göyçay filialının rəhbərliyi bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəkidə bu dəfə də - bu il avqustun 28-də Qənimət Rəhmanovanın xeyrinə qərar çıxarılıb və iş yenidən baxılması üçün Göyçay rayon məhkəməsinə qaytarılıb. Burada noyabrın 27-də iş üzrə hazırlıq iclası keçirilib və məhkəmə iclası dekabrın 15-nə təyin olunub.
Qənimət Rəhmanova deyir ki, o, banka olan borcunu qaytarmaqdan boyun qaçırmır: "Mənim oğlum ölüb, haqq dünyasındadır, ilk növbədə onun ruhuna görə mən borclu olduğu pulu qəpiyinə qədər qaytaracam. Məni yandıran İlqar Fərzəliyevin insanlara qarşı bu dərəcədə qəddarlığıdır. O adamın qurbanı təkcə bizim ailə deyil, Göyçayda nə qədər mənim günümə saldığı ailələr var. Saxtakarlığın həddinə baxın ki, ikimərtəbəli, 5 sot həyəti olan, özünün 60 minə qiymətləndirdiyi evimi məhkəmə sənədlərində 2 otaqlı kiçik ev kimi göstərib. Mən o evi 3 uşağın ağzını evdə bağlayıb, pambıqda işləyə-işləyə tikdirmişdim, əlimdən aldılar. Belə Allahsızlıq olar?! Artıq 4-cü ildir ki, kirayələrdə qalmışam, o atasız körpəni, cavan gəlini küçələrdə necə qoyum?"

"Zaminbank"ın filial müdiri vətəndaşın evini əlindən alıb, öz işçisinə verib

"Zaminbank" vasitəsilə evindən məhrum edilən Səidə Babayeva da dövlət başçısına, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda bankın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qanunsuzluğundan şikayətlənib. Hazırda bir azyaşlı qız uşağı və 75 yaşlı anası ilə qohum-əqrəbanın küncündə sığınacaq tapan Səidə xanım yazır ki, "Zaminbank"dan 3000 manat kredit götürmək üçün Göyçay rayon filialına müraciət edib. Rayonda yerləşən iki otaqlı evinə baxış keçirilsə də, filialın müdiri ona işləmədiyini əsas gətirərək, kredit ayırmaqdan imtina edib. Təxminən iki ay sonra "Aqrokredit" MMC-nin işçisi Tural Şıxəliyev və qohumu Cahan Babayeva ona zəng edərək, "Zaminbank"dan pul götürə biləcəklərini deyib və ondan Göyçaydakı notariusa gəlməyini istəyiblər: "Mən notariusa gəldim. Həmin vaxt Tural Şıxəliyev mənə etibarnaməyə imza atmağı təklif etdi və mən də oxumadan imzaladım. 3000-i nə vaxt alacağımı soruşdum, cavab belə oldu ki, yaxın vaxtlarda pulu alıb mənə verəcəklər. Bir müddət sonra mənə məlum oldu ki, Tural Şıxəliyev mənə məxsus əmlakı ipoteka olaraq qoymaqla, 10 min manat kredit götürüb və qaçıb gizlənib. Mən məcburiyyət qarşısında götürülmüş kredit borcunu, faizilə birlikdə hər ay 752 manat olmaqla, təxminən 10 ay ödədim. Aylıq kreditin ödənilməsində 5 gün gecikmə olduğundan bank müdiri və işçiləri mənə hədə-qorxu gəlməyə başladı. Onlar məni polis və məhkəmə ilə hədələyərək, evi satıb banka pulu ödəməyimi tələb etdilər. Hüquqi savadım olmadığından 15 günlük gecikməyə görə bank müdiri İlqar Fərzəliyev məni cəzalandırmaqla təhdid edib, evi "Zaminbank"ın öz işçisi Mövlamova Yaqut Əflatun qızına 20 min 410 manata satmağa məcbur etdi. Halbuki, əmlakın dəyəri təxminən 40 min manat idi. Mən əmlakın girov qoyulmasına, bankdan kredit götürülməsinə görə heç bir sənədə imza atmamışam. Buna baxmayaraq, evim faktiki əlimdən alındı. 40 minlik evimin satışından mənə cəmi 12 min manat pul verilib".
Səidə Babayeva əmindir ki, bu məsələdə filial müdiri İlqar Fərzəliyevlə Tural Şıxəliyev əlbir olub.

Hüquq-mühafizə orqanları dələduzluğa göz yumur

Maraqlıdır ki, Səidə Babayeva dələduzluğa məruz qaldığı haqda hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun şikayətinə əhəmiyyət verən yoxdur: "Dəfələrlə Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişəm ki, Tural Şıxəliyev dələduzluğa görə cəzalandırılsın. Amma polis faktiki onu cəzalandırmaqdan imtina edir. Bu adamı gətirib dindirmirlər, mənimlə üzləşdirmirlər, onu tapmağın mümkün olmadığını deyib, bu əsasla da cinayət işi başlamaqdan imtina edirlər. Savadsızlığımdan istifadə edib məni süründürürlər. Göyçay polisində rəis İslam Hümbətov mənə deyir ki, Tural Şıxəliyev Sumqayıtdadır, "Ford" maşını sürür, get, tap gətir, dindirək. Məgər onu tapıb gətirməyə mənim səlahiyyətim var? Yerini, maşınını bilirlər, amma gətirib cəzalandırmaq istəmirlər. İnanın, azyaşlı qız uşağı ilə, 75 yaşlı qoca anamla küçələrdə qalmışam..."

каталог фаберлик на сайте faberllena.ru
народная медицина