DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Leyla Yunusun vəkili məhkum edildi

Hüquq müdafiəçisinin kamera yoldaşına görə vəkil Əlayif Həsənov cəzalandırıldı

 

Dünən Yasamal rayon məhkəməsində Azər Tağıyevin sədrliyi ilə həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı Nuriyyə Hüseynovanın vəkil Əlayif Həsənova qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə vəkilin barəsində ittiham hökmü çıxarıb. Əlayif Həsənov CM-nin 147-ci (təhqir) maddəsilə təqsirləndirilərək, 240 saat ictimai işlərə cəlb olunmasına dair hökm çıxarılıb.
Xatırladaq ki, vəkil Leyla Yunusa istinadən təcridxanada Nuriyyə Hüseynovanın hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq göstərməsi barədə məlumat yayıb. Onun bu məlumatı "Azadlıq" qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında dərc edilib. Nuriyyə Hüseynova iddia edir ki, vəkil onun barəsində "cinayətkar", "residivist" sözlərini işlətməklə təhqirə yol verib.
Sonradan iddiaya "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin adı da daxil edilmişdi, lakin daha sonra Hüseynova ondan şikayət etmək fikrindən daşındı.
Məhkəmə prosesində Əlayif Həsənov işin yaşayış yeri üzrə qeydiyyatda olduğu Zərdab rayon məhkəməsinə göndərilməsi haqqında vəsatət qaldırmışdı. Vəkil həmçinin məhkəməyə 92-ci Zərdab dairəsinin seçki komissiyasının üzvü olduğu haqqında arayış təqdim etmişdi. Qanunvericilik seçki komissiyası üzvünün cinayət məsuliyyətinə cəlb edilməsi imkanlarını məhdudlaşdırır və bunun üçün prokurorun icazəsi olmalıdır.
Lakin hakim Azər Tağıyev işi Zərdab rayon məhkəməsinə göndərməkdən imtina edib.
Məhkəmədə Əlayif Həsənov deyib ki, o, özünə aid olmayan ifadələrə görə mühakimə olunur. Vəkilin sözlərinə görə, "Azadlıq" qəzeti onun "facebook"da yaydığı statusdan istifadə edərək, ona öz şərhlərini əlavə edib. Redaksiya bütün bunları təsdiq edən rəsmi sənədi də məhkəməyə təqdim edib.
"Sadəcə olaraq, məni, necə olursa olsun, mühakimə etmək və bunu Yasamal rayon məhkəməsində etmək istəyirlər", - deyə Əlayif Həsənov vurğulayıb.
Məhkəmə prosesinin birtərəfli aparıldığını, hakimin ona qarşı açıq-aşkar qərəz nümayiş etdirdiyini bildirən Əlayif Həsənov bu səbəbdən bütövlükdə Yasamal rayon məhkəməsinə etiraz vermişdi. Lakin onun etirazı qəbul olunmamışdı.
Əlayif Həsənov barəsində çıxarılan məhkəmə hökmünü ədalətsiz və qanunsuz adlandırıb. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin ümumiyyətlə, bu işə baxmaq hüququ yox idi.
Əlayif Həsənov bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək. Vəkil Azərbaycanda bütün yerli məhkəmə instansiyalarını keçəndən sonra işi Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir.

Yenilənmişdir Bazar ertəsi, 10 Noyabr 2014 10:25
каталог фаберлик на сайте faberllena.ru
народная медицина