DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


"Azadlıq" qəzetinin daha bir əməkdaşı həbs olundu

Xalid Qarayev küçədə söyüş söyməkdə təqsirləndirilir

Oktyabrın 30-da Binəqədi rayon Məhkəməsi "Azadlıq" qəzetinin, eləcə də xaricdən peyklə yayımlanan "Azərbaycan saatı" televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda - küçədə söyüş söyməkdə təqsirli bilinib.
Xalid Qarayevin vəkili Bəhruz Bayramov bu həbsin sifarişli olduğunu bildirir. Onun sözlərinə görə, Xalid Qarayevin ictimai yerdə söyüş söydüyü barədə deyilənlər yalandır: "Məhkəmədə dindirilən hal şahidləri Binəqədi polisinin qeyri-rəsmi əməkdaşlarıdır. Cinayət işlərində, inzibati proseslərdə onların adlarına tez-tez rast gəlirəm. Onlara tapşırılan ifadəni verdilər, hakim də hal şahidlərinin dediklərini nəzərə alaraq qərar çıxardı".
Vəkil qeyd edib ki, Binəqədi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Xalid Qarayevin məhkəməsində iştirak etmək istəyən yaxınları, dostları, üzvü olduğu AXCP təmsilçiləri, eləcə də media nümayəndələri məhkəmə zalına buraxılmayıb.
"Məhkəmədən əvvəl mülki geyimdə olan Binəqədi polis əməkdaşlarını zala doldurublar ki, guya, bunlar prosesə baxmağa gələn vətəndaşlardır. Xalid Qarayevlə birlikdə hakimə etirazımızı bildirdik. İndi elə alındı ki, hakim həm onları, həm də bizi zaldan çıxardı", - deyə AXCP sədrinin müavini Gözəl Bayramlı jurnalistlərə açıqlamasında bildirib.
Xalid Qarayev özü necə həbs olunduğu barədə bunları deyib: "Gün ərazində bir nəfər mənə mütəmadi olaraq zəng edirdi. Soruşurdu hardasan? Deyirdim işdəyəm. İş yerimə gəlmək istədiyini bildirirdi. Binəqədidə yaşayan adamdır. Ona dedim ki, axşam evə qayıdanda zəng edərəm, görüşərik. Aradan 1-2 saat keçdi, yenə zəng vurdu. Evə qayıdarkən həmin adama zəng vurdum ki, artıq yaşadığım əraziyə çatıram. O da bildirdi ki, eyni ünvana gəlir. 5 dəqiqə keçməmiş iki nəfər yaxınlaşıb onlarla 4-cü polis bölməsinə getməli olduğumu dedi. İzah etdim ki, adamı bölməyə belə dəvət etmirlər, bu hərəkət qanunsuzdur. Sizin kimliyinizi də bilmirəm. Onlar mənə dedilər ki, "ətrafda xeyli adamımız var, səni burdan daha pis formada apararıq". Ona görə heç nə demədən maşınlarına mindim".
Xalid Qarayev onu da bildirib ki, ona zəng vuran adamı tanıyırmış: "O, polislə mütəmadi əlaqəsi olan adamdır. Onu hər kəs yaxşı tanıyır".
Onu da əlavə edək ki, Xalid Qarayev həbs olunarkən imkan taparaq, "facebook" səhifəsində 4-cü polis bölməsinə aparıldığı haqda məlumat yayıb. Bundan dərhal sonra telefonu əlindən alınıb. Bu xəbəri oxuyan media nümayəndələri, jurnalistin yaxınları və dostları 4-cu polis bölməsinə getsələr də, Xalid Qarayevin orada olmadığı bildirilib. Bir qədər sonra isə jurnalistin oradan Binəqədi Rayon Polis İdarəsinə aparıldığını deyiblər. Bölmənin qarşısına toplaşanlar bu dəfə idarəyə gediblər. İdarədən də Xalid Qarayevin orada olmadığı bildirilib. Bir müddət keçəndən sonra isə idarənin rəis müavini çıxaraq, jurnalistin orada saxlanıldığını təsdiqləyib. Deyib ki, guya, Xalid Qarayev Binəqədidə küçə ilə gedərkən söyüş söydüyünə görə saxlanılıb.

Yenilənmişdir Bazar ertəsi, 03 Noyabr 2014 07:16
каталог фаберлик на сайте faberllena.ru
народная медицина