DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


MİKAYIL CABBAROVUN ÖLÜM KANALI

metanetMətanət Əliyeva

AFFA-nın sabiq prezidenti  mərhum Ramiz Mirzəyevin 33 yaşlı oğlu Anar Mirzəyev fevralın 15-də Sabirabadın Həşimxanlı kəndində maşını ilə birlikdə kanala düşərək vəfat edib. Allah rəhmət eləsin. Ramiz Mirzəyev uzun müddət Neftayırma zavodunun direktoru olub, YAP funksioneri olub. Məsələ bunda deyil. Demək istəyirəm ki, tanınmış adamlarla bərabər sadə vətəndaşlar da kanallarda tez-tez boğulmalı olurlar. Sovet vaxtı Kürqırağı rayonlara Kür çayından dərinliyi 5-6 metr olan kanallar çəkiblər. Qamış basmış bu kanallar hər an ölüm mənbəyidir. Bu kanallara hər il uşaqlar, maşınlar, mal-qara düşərək tələf olur. Belə kanaldan Salyan rayonunun  Qaraçala sovetliyinin Arx arası kəndində də var. Bu kənddə həyat yoldaşımın qohumları yaşayır. Toya, yasa gedəndə o kanalın kənarı ilə getməli oluruq. Hər dəfə kəndin ortasından keçən bu kanalın ətrafı ilə gedəndə qorxudan az qalıram sarılıq xəstəliyinə tutulum. Yağışlı vaxtlarda yer sürüşkən olanda kanalın ətrafı xüsusilə təhlükəli olur. Belə kanaldan biri də Hacıqabulda var. Şirvankanal adlanan bu kanalda batanların sayı-hesabı yoxdur. Maşınlar Şirvankanalın üstündəki çürük taxtalardan olan körpüdən keçməli olur. Yəqin ki, prezident İlham Əliyevin belə kanallardan xəbəri yoxdur. Çünki bölgələrdə icra başçıları prezidentin keçəcəyi yolları yüksək səviyyədə təmir edir, gül-çiçək əkirlər. Rayonların digər əraziləri isə bərbad gündə olur. Rayonlardakı ölüm kanallarını görəndə adamın fikrindən dəhşətli şeylər keçir. İlk növbədə adam fikirləşir ki, bu millətin yiyəsi yoxdur. Texnikanın bu qədər inkişaf etdiyi, Azərbaycanın varlı dövlətlərdən biri olduğu indiki dövrdə o kanalları doldurub müasir üsullarla torpaqlarımızı suvarma suyu ilə təmin etmək olmazmı?  Dövlətin milyonlarını havaya sovururlar, niyə millətə bu pulları qıymırlar? Əslən Tovuzdan olan Ramiz Mirzəyev kanal məsələsinə baxmasa da, YAP siyasi Şurasının üzvü idi. 25 ildir YAP hakimiyyətdədir. Ramiz müəllim YAP-ın yığıncaqlarının birində kanal məsələsini qaldıra bilməzdimi? Heç onun ağlına gələrdimi yeganə oğlu o kanallardan birinin qurbanı olacaq? Bilsəydi bəlkə vaxtında bu məsələni qaldırardı. Bilmək olmur ki, xalqın bu faciələrinin başında kim durur, bütün bu haqsızlıqlara kim cavabdehdir. Əslində hər şey üçün ilk növbədə prezident cavabdehdir. Amma hərdən elə faktlarla rastlaşırsan ki, bu faktlar düşünməyə əsas verir ki, çox vaxt prezidentin sözü keçmir. 2005-ci ildə milli mətbuatımızın 120 illik yubileyi tədbirində həyat yoldaşım “Qaya” mətbuat yayımı firmasının götürülmüş qəzet köşkləri ilə bağlı birbaşa prezidentə müraciət etdi. İlham Əliyev həmin dəqiqə köşkləri yerinə bərpa etmək üçün göstəriş verdi. Köşklər yerinə qayıdanda Ramiz Mehdiyevin göstərişi ilə proses dayandı. Bir müddət sonra Ramiz Mehdiyevin yerlisi “Qaya”nın köşklərinin yerində özü üçün köşklər qoydurdu. İndi də gömrükdə qanunsuzluq etməklə   “Qaya”nın fəaliyyətini dayandırmaq istəyirlər. Hərdən elə haqsızlıqla rastlaşıram ki, çıxış yolu tapa bilmirəm. Aciz qalan insanın gümanı yalnız Allaha qalır. Keçən il Aşura günü  (İmam Hüseynin qətlə yetirildiyi gün) Hacıqabul məscidinə getmişdim. Rayonda eşitdiyim bir haqsızlıqdan sarsıldım. Özümdən asılı olmayaraq dedim ki, xalqın bu faciələrininin baiskarı olan adamı matəmə tapşırıram. Ona Allahdan bir şey arzulayıram. Gələn il matəmə kimi onun vəzifə kreslosu boş qalsın. Çox yaşasın, vəzifədən gedəndən sonra onu sadə vətəndaşlar kimi incitsinlər və o görsün ki, sadə vətəndaşlar nələr çəkiblər. Yəqin ki, Allah məni eşidər, matəmə kimi həmin məmurun kreslosu boş qalar və onda bilinər ki, bu xalqın bəlalarının baiskarı kimdir. Təəssüf ki, bəzi məmurlar, sadə vətəndaşlara qarşı haqsızlıq edənlər fikirləşmirlər ki, nə vaxtsa vəzifədən gedərlər, etdikləri haqsızlıqlar qarşılarına çıxar, necə ki hər il bunun şahidi oluruq.

Vergilər naziri Mikayıl Cabbarov deyib ki, vergilər nazirliyində korrupsiyanın kökünü kəsəcək.  Belə yerdə deyiblər, “başından böyük qələt etməsinə bax!” Bu ifadəmə görə Mikayıl Cabbarov məni məhkəməyə verə bilməz, çünki təhqir yoxdur. Qələt sözünün mənası səhv deməkdir.  Adama deyərlər korrupsiyanın kökünü kəsən idin, təhsil naziri olanda bunu edəydin. Təhsil nazirliyində gizlidə qalan cinayətləri buraxıram hüquq-mühafizə orqanlarının ixtiyarına. Hər ay hər müəllimin maaşından 20 manat tutulub nazirliyin məmurlarına göndərilməsi ölkəmizdə çalışan 151 min müəllimə sirr deyil. Hesablamışam, bu, ayda 3 milyon 200 min manat edir. Ölkəmizdə fəaliyyət göstərən 4 min 500 məktəbin hər birində siniflərdən hər ay fond pulu yığılır. Valideynlərin hər birindən alınan 5 manatın əksər hissəsi də təhsil nazirliyinin məmurları üçün yığılır.  Hazırda ölkəmizdə 1,6 milyon şagird təhsil alır. Bunun bir milyonu ayda 5 manat versə, bu ayda 5 milyon edir. Mikayıl Cabbarov nazir olanda təhsil sahəsində çalışan məmurların sürdükləri yarım milyon dəyərində olan maşınları görmürdümü? O ki qaldı vergilər nazirliyindəki korrupsiyaya, bu nazirlikdə vəziyyət təhsil nazirliyindən dəfələrlə yaxşıdır. Nazirliyin əksər əməkdaşları savadlı, peşəkar, səviyyəlidirlər, korrupsiyanın səviyyəsi minimuma enib. Yazımın əvvəlində ölüm kanalı barədə yazmışdım. Əsl ölüm kanalı rayonlardakı o su kanalları deyil. Millətimizin əsl ölüm kanalı bizim hazırkı təhsil nazirliyidir. Digər məmurlar kimi onlar da xalqın dövlətə, qanunlara, insanlığa, elmə olan inamını öldürüblər. Məmurlar vicdanlı insanları sındırmaq üçün bütün vasitələrə əl atırlar. 1969-cu ildən ölkəmizdə bu siyasət davam edir. Hər şeyi bərpa etmək olar, amma ləyaqətini itirmiş insanların insanlığını bərpa etmək mümkün olmayacaq. Milləti elə rəzil günə salıblar ki, baxan deyir bu millətə bu da azdır, bu millət üçün yaxşı heç nə etmək lazım deyil. Şəxsən mən bu fikirlə razı deyiləm.

Yazımı oxuyan və mənimlə həmfikir olan hər bir oxucuya təşəkkür edirəm. 

 

Yenilənmişdir Bazar, 18 Fevral 2018 20:15
каталог фаберлик на сайте faberllena.ru
народная медицина