DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ÜMİD QALOŞA QALIB

metanetMətanət Əliyeva

Rayondan qayıdandan sonra ayaqqabılarımın, paltomun palçığını təmizləməyə xeyli vaxt itirirəm. Rayona nimdaş paltarda gedirəm, təzə paltar bir dəfə palçığa batmaqla köhnəlir. Payız, qış, yaz fəsillərində rayon adamları palçıqdan çox əziyyət çəkirlər. Ayaqqabıya pul çatdırmaq olmur, 100 ailədən birində bir köhnə Jiquli var, onu da palçıq çürüdüb pis günə qoyur. Yaxın gələcəkdə rayon və kəndlərin daxili yollarının təmir olunacağı ilə bağlı xəbər yoxdur. Ümid qaloşa qalıb. Heç qaloş alımağa da pul yoxdur. Əhalinin yaşayış səviyyəsi gündən-günə çətinləşir. Cavanlar işsizdir. Təsərrüfatla, sahibkarlıqla məşğul olmaq haqqında fikirləşən yoxdur. Bu sahələrdən gəlir götürmək mümkün deyil, çünki məmurlar bu sahəyə ayrılan büdcə pullarını yalnız öz bizneslərinə yönəldirlər, bütün vətəndaşlara bərabər şərait yaradılmır. Sadə vətəndaş inhisarçı məmur-sahibkarla rəqabətə girib pul qazana bilməz. Uzaq başı müflis olub borcun içərisində batacaq. Rayonda kimi dindirirsən oğlunu hərbiyə işə qoymaq fikri ilə yaşayır. Bir ara polisə, fövqəladə hallar nazirliyinə, mühafizə xidmətinə işə düzəlmək dəbdə idi. Çoxunun verdiyi rüşvət batdı, cavanlar işsiz qaldı. O pulları düzəltmək üçün valideynlər mal-qaralarını satmışdılar, sələmlə borc götürmüşdülər. İndi yalnız hərbiyə işə düzəlmək mümkündür. Rayonda dedilər ki, 2-3 min manat rüşvət verib hərbiyə işə düzəlirlər, ayda 500 manat maaş alırlar. Mətbuat gecə-gündüz ordumuzun qüdrətindən danışır. Kasıb-kusubun rüşvətlə işə götürüldüyü orduda vətən sevgisi, qələbə əzmi olmaz. Müxtəlif dövrlərdə ən böyük sərkərdələrə qalib gəlmiş rus ordusunda tarixən zabitlər zadəganlardan, qraflardan, knyazlardan ibarət olub. Bu gün də rus əsgəri hərbi formanı fəxrlə daşıyır, rus əsgərinin yerişindən, duruşundan əzəmət yağır. Suriyadan qələbə ilə çıxan rus əsgərləri Rusiyanın qüdrətini dünyaya nümayiş etdirdilər. Bizim əsgərlərin sifətindən yazıqlıq, bədbəxtlik yağır. Bizim varlı məmurların övladları Müdafiə Nazirliyində heç vaxt işləməzlər. Onlar gömrükdə, DİN-də, Prokurorluqda  özlərini daha əzəmətli hiss edirlər. 

Əsgərlərimizin sifətindən yazıqlıq yağsa da, bizim varlı təbəqənin sifətindən harınlıq yağır. Varlılar kasıbların keçdiyi yoldan keçməyi də özlərinə təhqir sayırlar. Günlərin birində onlar da Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev kimi 300 nəfərlik barak yoldaşı ilə tualet növbəsinə durmalı olacaqlar. Bu, həyatın qanunudur – israfçılığın sonu müflislik, harınlığın sonu miskinlikdir. Cahangir Hacıyevin cəza çəkdiyi 13 saylı kolonda ən kasıb məhbuslar cəza çəkirlər. Onların arxasınca ərzaq gətirən də yoxdur. Bir nəfər vaxtilə mənə danışmışdı ki, 13-cü kolonda məhbuslar ərazini öz aralarında bölüblər. Hərə öz ərazisinə atılan siqaret kötüyünü götürməlidir. Məhbuslar taxta parçasının ucuna mismar vurublar, siqaret kötüyü yürə düşən kimi mismarı ona batırıb qaldırırlar. İnsanın həyatda ağır günü də, firavan günü də olar. Xoşbəxt o insandır ki, çətin anında ailəsi onun yanında olur, heç olmasa vaxtlı-vaxtında həbsxanaya yemək aparır, ona mənəvi dayaq olur. Cahangir Hacıyev haqqında bunu demək olmaz. Onun həyat yoldaşı Zamirə Hacıyeva Fransada zəngin həyat sürür. Zamirə xanım ərinə sədaqətli qadın olsaydı, oğurladıqları pulu dövlətə qaytarıb ərinin cəzasını yüngülləşdirərdi, Bakıda oturub ərinə dayaq olardı. Mən deyərdim ki, Allah qarşısında günahlarını azaltmaq üçün Zamirə xanım əri ilə bərabər digər məhbuslar üçün də ərzaq aparsaydı insanlıq nümayiş etdirərdi. Çünki digər məhbusların günahı Cahangir Hacıyevlə müqayisədə bəlkə də cüzidir.  5-3 min manat oğurladığı üçün həbsxanalarda illərlə cəza çəkənlər var. Yenə də tanınmış bir məhbusdan eşitdiyim əhvalatı yazmaq istəyirəm. Bu məhbus danışdı ki, onunla keçmiş icra başçısı bir kamerada qalırmış. Bir gün görüb ki, bu icra başçısı höhkür-hönkür ağlayır. Səbəbini soruşanda deyib ki: “Mən bu arvadım üçün milyonlarla pul qoyub gəlmişəm. Mənim üçün gətirdiyi yeməyə bax. Elə bil it qabağına yal atır.” Məşhur adam danışdı ki, keçmiş başçının arvadı təsadüfi hallarda ərinə yemək gətiridi. Onda da göyərtini bazardan alıb dəstə halında qoyurdu, daha onu başqa məhbusların həyat yoldaşı kimi təmizləyib, yuyub dəsmala bükmürdü. 

Mətbuatdan oxuduqlarımıza inansaq son 25 ildə məmurlar 100 milyard manata yaxın pul oğurlayıblar. Onun 10 milyard manatı Cahangir Hacıyevin prezident olduğu Beynəlxalq Bankdan oğurlanıb. Həmin pullara rayon və kəndlərin yollarını tam təmir etdirmək olardı. Oğru məmurları tutub yığdıqlarını alırlar. Amma nə olsun, bundan kasıb xalqa heç nə çatmır. Eldar Mahmudovun işi ilə əlaqədar məmurlardan alınan pullar hara getdi? Bu işdə şəffaflıq oldumu? Bu haqda məlumatlar mətbuatda dərc olunmalı idi. Şəxsən mən heç bir məlumata rast gəlmədim. Neçə illər əvvəl Qusara getmişdim. Hacı Məmmədovun tikdirdiyi Qarabulaq istirahət mərkəzinə baxdım. Son dərəcə gözəl olan bu məkan Hacı Məmmədovdan sonra yiyəsiz qalıb dağılırdı. Halbuki qanunla Mərkəz hərraca çıxarılıb satılmalı, pulu dövlət büdcəsinə keçməli idi. Görünür, hansısa məmur Qarabulağı öz adına keçirib, yüzlərlə belə mülkü olduğundan onu da istifadəsiz qoyub, çünki oradan pul qazanmağa onun ehtiyacı yoxdur, sadəcə olaraq, belə mülkləri nəvə-nəticəsi üçün saxlayır. Görünür, digər vəzifədən çıxarılan məmurların var-dövləti də eyni aqibəti yaşayır.

Ölkənin ümumi vəziyyətini hər bir vətəndaşın fərdi xüsusiyyəti müəyyən edir. Mənim nəzərimdə üç cür insan var. Bir qism insan yalnız özü üçün yaşayır, onun ətrafa nə yaxşılığı, nə pisliyi dəyir. İkinci qism insanlar dünyaya yalnız pis əməllər törətmək üçün gəliblər, onlar hamıdan istifadə edir, gözləri doymur, onların hər kəlməsinin arxasında şəxsi maraq dayanır, bütün əməlləri saxtakarlıq üzərində qurulub, onlar insana təmənnasız salam da verməzlər. Bu iki tip insan mənim nəzərimdə həşarat kimidir, daha doğrusu, onlara nifrətim var. Üçüncü qism insanların isə mayası xeyirxahlıqdan yoğrulub. Mən xeyirxah insanların vurğunuyam. İnsanın qəlbində xeyirxahlıq varsa, o daim böyük işlər görəcək, qurub yaradacaq, xeyirxahlıq hissi ona təkan, ilham verəcək. Xeyirxah insanlar hər sahədə lider olurlar, həqiqi sevgi də onlara məxsusdur. Xeyirxah insanları mən hər gün televiziya ekranlarında görmək istərdim. Belələrini mən ARB kanalının “Səhər-səhər” verilişində görə bilirəm. Verilişin aparıcıları Əli Mirəliyev də, Elgiz də əsasən xeyirxah təbiətli sənətkarları verilişə dəvət edirlər, çünki özləri belə insanlardır. Bilmirəm onlar mənim yazılarımı oxuyurlar, ya oxumurlar, mən onların verilişinə hər gün baxıram. İnstagram, Facebook kimi şeylərdən başım çıxmadığı üçün veriliş haqqında fikrimi qəzetdə yazıram. Yeganə bu veriliş mənə mənəvi qida verir. İnsan mənəvi qida almayanda onda ruh düşkünlüyü yaranır, çünki insanın ruhu mənəvi dəyərlərdən – xeyirxah insanların yaratdığı gözəl musiqidən, bədii əsərdən, insanların nümayiş etdirdiyi yüksək əxlaqdan qidalanır. Təəssüf ki, televiziya kanallarında digər sahələrlə bağlı belə verilişlər yoxdur, halbuki bizim cəmiyyətdə digər sahələrdə çalışan nümunəvi, insanlığa xidmət edən insanlar var. 

Yenilənmişdir Cümə, 22 Dekabr 2017 07:19
каталог фаберлик на сайте faberllena.ru
народная медицина