DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


PAMBIQ VƏ ZİBİLQABI

metanetMƏTANƏT ƏLİYEVA

Nəhayət ki, boş qalmış torpaqlarımızı əkməyə başlayıblar. Bu yerdə məni indiyə qədər güldürən bir hadisəni danışmaq istəyirəm. Bir əmim qızı var. İşğal olunmuş torpaqlarımızdan söhbət düşəndə maraqlı təklif irəli sürür. O deyir ki, “bu qədər torpaqlarımız istifadəsiz qalıb, niyə Qarabağ torpağını azad etmək üçün gənclərimizi qırğına veririk? Ermənini də Allah yaradıb də. Qoy yaşasınlar Qarabağda.” Hazırda bizdə bir populist cümlə var, hər yerindən duran deyir ki, hamının fikrinə hörmət edir. Biz, əmim qızının fikrində bəzi həqiqətlər olsa da, onu dəli hesab edib fikirlərinə gülürük. Torpağı düşmənə pay vermək ən azından dəlilikdir. Əmim qızının dediyindəki həqiqət isə odur ki, torpağı əkib biçmiriksə, milyon hektarlarla münbit torpağımız ola-ola ərzaq sarıdan az qala aclıq çəkiriksə, bu torpaqlar bizim nəyimizə lazımdır? O ki qaldı hazırda torpaqlarımızda pambıq əkmək məsələsinə, hamı kimi bu məsələ də mənə gülünc görünür. Əllə yığılan pambığın hər kiloqramına 10 qəpik pul verəcəklər. Sovet vaxtı da belə idi. Günə 100 kiloqram pambıq yığan adam 10 manat alırdı, bu pula bir həftəlik ərzaq tədarükünü görürdü. O vaxt kərə yağının kiloqramı 3 manat 60 qəpik, ətin kiloqramı 2 manat idi. Hazırda isə 10 manat alan adam heç bir günlük bazarlığını da edə bilməyəcək. Kərə yağının kiloqramı 14 manata, ətin kiloqramı 15 manata çatıb. İkincisi də, sovet vaxtının pambıqçılığı xalqımızı xoşbəxt etməmişdi. Sovet vaxtı ən böyük pambıqçılıq rayonlarından biri olan Kürdəmirin Sığırlı kəndində  günə 150 kiloqram pambıq yığan qadınlar vardı. Bu qadınlar al günün altında tərin, tozun içərisində işləyib evə qayıdandan sonra yuyunmağa su tapmırdılar. Qadınlar içməli suyu  kənddəki yeganə su kranından eşşəklə gətirirdilər. Vaxtlı-vaxtında yuyunmamaq, ağır fiziki iş, kəndin tozlu, palçıqlı yolları qadınları elə kobudlaşdırıb eybəcərləşdirmişdi ki, onlar özləri özlərindən xəcalət çəkirdilər. Ərzaq sarıdan da pambıqçılar normal qidalana bilmirdilər. Bütün torpaqlara pambıq  əkildiyindən ət, yağ qəhətə çıxmışdı. Hansısa ölkələrdən dondurulmuş əti gətirib əhaliyə satırdılar. Yadımdadır ki, nənəm bu əti yeməyi bizə qadağan edirdi, deyirdi ki, murdardır. Təzədən pambıqçılığa qayıtsaq, sovet vaxtı olduğundan da  pis günə qalacağıq. Yəqin pambığı xaricə satıb xaricdən ucuz murdar ətdən, yağdan gətirib bizə yedirəcəklər.  Biz buna layiqik?!!

Səhiyyəmizdə və təhsilimizdəki dəhşətli vəziyyət əvvəlki qaydada davam edir. Prezident İlham Əliyev göstəriş verib ki, əhali səhiyyə ocaqlarında pulsuz müayinədən keçsinlər. Ötən həftə gənc bir qadın müayinə ilə bağlı belə danışdı. Qadının əri vəfat edib, iki məktəb yaşlı övladı var. Sinəsində ağrılar olduğundan onkologiya xəstəxanasına (adını dəqiq bilmirəm, prezidentin yaxın qohumu Cəmil Əliyev oranın baş həkimidir) gedib. Dövlət xəstəxanasında hər şey pulsuz olsa da, qəbul üçün ondan 20 manat istəyiblər. Rentgenə də 20 manat ödəyib. Növbəti müayinə üçün 75 manat istəyəndə qadın deyib ki, verə bilməyəcək. Beləliklə, müayinə yarımçıq qalıb. Qadın dedi ki, hər şeyi Allahın ümidinə buraxıb. Bu sözləri danışanda onun 9-10 yaşlı oğlu da qulaq asırdı və hiss olunurdu ki, sarsıntı keçirir. Atasını itirmiş uşaqlar bir gün analarını da itirəcəkləri qorxusu ilə daimi əzab içərisində yaşayacaqlar. Bu, xalqa qarşı qəddarlıqdır. Səhiyyəmizdə vətəndaşlar hər addımda elə dəhşətli faktlarla rastlaşırlar ki, bu faktlar ölüm hökmünü bərpa etməyi vacib hesab edir.

Məktəblərin birinci sinfinə şagird qəbulu başlayıb. Valideynlər çalışırlar ki, övladlarını türk litseylərinə, direktorların azərbaycanlı olmadığı məktəblərə versinlər. Bu da valideynlərə və şagirdlərə əlavə problemlər yaradır. Əlavə vaxt itkisi, pul itkisi, tıxaclar və sair problemlərə ona görə dözürlər ki, azərbaycanlı direktorlar məktəblərdə alverlə məşğuldurlar. Düzdür, istənilən məktəbdən asılı olmayaraq valideynlər repititorlara müraciət edirlər, amma hesab edirlər ki, yaxşı təməl olmasa, dərin bilik qazanmaq mümkün deyil, ona görə də nizam-intizamın yüksək olduğu bir neçə məktəbə düşmək üçün hər vasitəyə əl atırlar. Bu faktı sübut edə bilməsəm də,  rayonda danışırlar ki, məktəbə müəllim düzəlmək üçün 10 min manat rüşvət vermək lazımdır. Bir neçə il bundan əvvəl korrupsiyaya qarşı mübarizə idarəsi açıldı. Vətəndaşlara dedilər ki, onun qaynar xəttinə zəng edin, dərhal tədbir görüləcək. Mənim kimi avam adamlar inandılar, qaynar xəttdə oturan prokurorluq əməkdaşlarına (hansılar ki rüşvətlə diplom alıb rüşvətlə işə düzəliblər) zəng etməyə başladılar. Sonradan məlum oldu ki, bunlar hamısı vətəndaşları ələ salmaq imiş. Araşdırılsa məlum olar ki, təhsil nazirliyindəki məmurlar keçmiş milli təhlükəsizlik nazirliyinin əməkdaşlarından da qorxulu quldurlardır. Misir Mərdanovu işdən çıxaranda təhsil nazirliyini də ləğv edib yenisini formalaşdırmaq lazım idi. Düzdür, elə ağır cinayətlər var ki, onları hamı bilir, amma sübut edə bilmirik. Elə cinayətlər də var ki, onlar göz qabağındadır. Məsələn, dənizin hasara alınması cinayətdir, bunu hamı görür, amma cinayətkarı cəzalandıran yoxdur. Çimərlik mövsümünə az qalıb. Yenə də çimərliklərə zibilqabı qoyulmadığından əhali qarpız qabıqlarının üstündə dincəlməli olacaq. Ölkəmizin qüdrətindən danışanlar çimərliklərə  zibilqabı almağa da xəsislik edirlər.  

Yenilənmişdir Şənbə, 15 Aprel 2017 07:13
каталог фаберлик на сайте faberllena.ru
народная медицина