DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


VİTSE-PREZİDENT

Mehriban Əliyeva komandanı dəyişmədən ölkə siyasətinə yenilik gətirə bilməyəcək

 

metanet

MƏTANƏT ƏLİYEVA

Vitse-prezident Mehriban Əliyeva fəaliyyətə başladığı qısa müddətdə iki iş gördü. Birinci işi ağır şəraitdə yaşayan bir qrup qaçqına mənzil verdirmək oldu. Növbəti addım kimi 3 aprel döyüşlərində şikəst olmuş hərbçilərin ən müasir protezlərlə təmin olunması üçün işlər gördü. Mehriban Əliyeva vitse-prezident təyin olunanda bildirmişdi ki, əsasən sosial problemlərlə məşğul olacaq. İşğal olunmuş torpaqlar və ən kasıb təbəqə olan qaçqınlar ölkəmizin əsas problemidir. Bəziləri deyə bilərlər ki, Bakıda 2-3 mənzili olan qaçqınlar var. Belələri qaçqınların 1-2 faizini təşkil edə bilər və onlar əsasən Bakıda yaşayanlardır. Uzun illər çadır şəhərciklərində yaşayan qaçqınların səsi Bakıya gəlib çatmır. Bu baxımdan Mehriban Əliyeva fəaliyyətinə ən kasıb təbəqə olan qaçqınlara və müharibə əlillərinə yardım etməklə başlayıb. Hər bir vətəndaş kimi mən də vitse-prezidentin fəaliyyətini izləyirəm və nəticə gözləyirəm. Mənim fikrimcə, Rusiya ilə bütün ittifaqlara girməyincə Qarabağ problemi həll olunmayacaq, bu istiqamətdə görülən bütün digər işlər isə görüntü xatirinə edilir. Qərbpərəstlərin “Rusiya ilə ittifaqlara girmək müstəqilliyimizi itirməkdir” deməsi cəfəngiyyatdır. Rusiya ilə ittifaqlara girən keçmiş sovet respublikalarından heç biri müstəqilliyini itirməyib. Üzünü qərbə tutan respublikaların isə hamısı Qarabağdan da ağır problemlər yaşayırlar. Qərbpərəstlər deyirlər ki, Rusiya dağılsa, Qarabağ problemi həll olunacaq. Mən isə hesab edirəm ki, Rusiya dağılsa, Azərbaycan İraqın, Liviyanın gününə düşəcək, qərb dövlətləri ilk növbədə Müsavatla AXCP-ni silahlandırıb bir-birinin üzərinə salacaqlar. Ölkəmizdə sabitliyi saxlayan Rusiyadır. Mehriban Əliyeva komandanı dəyişmədən ölkə siyasətinə yenilik gətirə bilməyəcək. 25 ildir ölkəni talayan oğru və rüşvətxor komanda xalqın dərin nifrətini qazanıb. Onlar ölkəni irəli yox, geri aparırlar. Kimsə fikirləşirsə ki, boş-boş işlərlə xalqı aldadır, o özü-özünü aldadır.

Yoxsulluğu aradan qaldırmaq üçün monopoliya aradan qaldırılmalıdır. Monopoliyanın nəticəsində qiymətlər fantastik dərəcədə qalxıb və qalxmaqda davam edir. Ölkəmizin yalançı qüdrətini təbliğ etmək üçün xərclənən pullar, Bakıda dəyəri milyardlarla ölçülən lazımsız binalara xərclənən pullar yerli istehsalın inkişafına xərclənməlidir. Yerli istehsal deyəndə mən kənd təsərrüfatını nəzərdə tuturam. Ölkəmizdə yüngül və ağır sənayenin inkişafını fikirləşməyə belə dəyməz. Keçmiş sovet respublikaları arasında iqtisadi birlik yaranarsa, SSRİ vaxtı olduğu kimi böyük bazar əldə edib sənaye məhsulları istehsal etmək olar. Əks təqdirdə bizim məmurlar xalqdan oğurladıqları pula gedib Çində, Türkiyədə fabriklər tikəcəklər ki, bazarlara çıxış əldə etsinlər.

Mən ayrıca götürülmüş bir rayonun timsalında bütün problemləri göstərməyə çalışacam. Əvvəla, rayon icra hakimiyyətlərinin başçıları başqa yerlərdən gəlmələrdir, söz yox ki, bu vəzifəyə milyonlarla manat rüşvət verərək gəliblər və məqsədləri milyonlar qazanmaqdır, rayonun taleyi və əhalinin güzəranı onları maraqlandırmır. Buna görə də rayonlarda hakimiyyət xalqın demokratik yolla seçdiyi bələdiyyələrə verilməlidir. Xalq özü seçdiyi bələdiyyə üzvlərindən haqqını tələb edə biləcək. Səhiyyəni və təhsili düzəltmək üçün ilk növbədə müəllimləri, həkimləri, baş həkimləri, direktorları rüşvətsiz işə götürmək və onlardan aylıq haqq almağa son qoymaq lazımdır. Mənə deyə bilərlər ki, bu faktları sübut edə bilməzsən. Düzdür, sübut edə bilmərəm, amma bunlar faktdır. Ramiz Mehdiyevin 2 milyon manat rüşvət müqabilində Elşad Abdullayevi deputat təyin etmək vədi sübut olunsa da, xalq qorxusundan susdu. Polislərin, prokurorların, məhkəmə hakimlərinin də işə rüşvətlə götürülməsi faktdır. Mətbuatımız, teatrlarımız, bəstəkarlar, yazıçılar, rəssamlar ittifaqları rüşvətxorlara yox, xalqa xidmət etməlidir. Xalqa seçib-seçilmək hüququ, siyasi fəaliyyətlə sərbəst məşğul olmaq hüququ verilməlidir. Mən bunları ümumi yazdım, amma hər bir problemin xırdalığına qədər gedib onu araşdırmaq, həllini tapmaq mümkündür. Bunları oxuyanlar yəqin güləcəklər və deyəcəklər ki, bu, mümkün deyil, nağıldır. Gülməli heç nə yoxdur. Mənim yazıma gülən hər bir oxucu başa düşür ki, bu vəziyyətdə yaşamaq get-gedə çətinləşir və bu vəziyyyət sonsuz davam edə bilməz. Mən bu yerdə çox sevdiyim yazıçı Lev Tolstoyu yada salmaq istəyirəm. Dahi Tolstoy çox uzaqgörən idi. “Dirilmə” romanında Rusiyada inqilab ərəfəsində olan vəziyyəti ətraflı təsvir edərək göstərirdi ki, Rusiyada yüksək cəmiyyəti təmsil edən adamlar mənən çürüyüblər, qanunlar işləmir, yalan, oğurluq, rüşvətxorluq, hüquqsuzluq, yoxsulluq, istismar baş alıb gedir və sair. Yazıçı eyni zamanda romanda işıqlı qüvvə kimi inqilabçıları göstərirdi. Tolstoy inqilabçı qüvvələri dəstəkləyirdi, başa düşürdü ki, istismarçı zadəgan sinfinin islah olunması mümkün deyil, islah mümkün deyilsə, bu sinif məhv olmalıdır, başqa yol yoxdur. Bu yolu seçdiyi üçün yazıçının ailəsində böyük dava-dalaşlar olurdu və nəticədə Tolstoy evindən qaçmalı oldu. Tolstoy deyirdi ki, onun övladları mənən şikəstdirlər. O, torpaqlarını kəndlilərə vermək istəyirdi ki, övladları müftəxor olmasınlar. Tarix göstərdi ki, Tolstoyun dəstəklədiyi inqilab labüd imiş və bu inqilab Rusiyanı əvvəl xeyli geri atsa da, sonradan sürətlə irəli apardı. Bəziləri deyirlər ki, inqilab Rusiya ziyalılarını, aristokratiyanı məhv etdi. Məhv olanlar elə məhv olmağa layiq idilər. Əsil ziyalı və zadəgan Tolstoy idi, çünki o özünü yox, vətəninin və xalqının gələcəyini düşünürdü. Mən əminəm ki, vitse-prezidentimiz Tolstoyun əsərlərini oxuyub. Bunu ona görə yazıram ki, bir gün Azərbaycandakı ağıllı insanlar da zəhlətökən sabitlikdən bezib dağıdıcı qüvvələrə qoşula bilərlər. İslah olunmayanlar məhv olmalıdır.  

“Səs” qəzetindən oxudum ki, prezident İlham Əliyev böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu xəbərlə başqa heç yerdə rastlaşmamışdım. Görünür, mətbuat bu xəbərə ciddi əhəmiyyət vermir. İndi hansı cızmaqaraçının vəzifədə adamı, pulu varsa, onu şair, yazıçı kimi xalqa sırımağa çalışırlar. Vaqif aşıq şeiri üslübunda yazan dahi şairlərimizdəndir. Bu üslub bizə doğmadır, bu üslubda yazılan şeirlər safdır, axıcıdır və vəhydən gəlir. Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Abbas Tufarqanlıdan sonra aşıq şeiri üslubunda yazan ən böyük şairlərimiz Molla Pənah Vaqif, Səməd Vurğun, Hüseyn Arif, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub olub. Onların şeirləri həmişə dillər əzbəri olub. Hətta kitablar, internet olmasa belə bu şeirlər şifahi şəkildə bu əsrdən o biri əsrə keçəcək, yaşayacaq.

Hörmətli oxucular. Mənim yazılarım “Reytinq” qəzetində və “ http://reyting.az/ ” saytında dərc olunurdu. Yəqin ki, bundan sonra yazılarımı yalnız bu saytda oxuya biləcəksiniz, çünki “Reytinq” qəzetinin vəziyyəti ağırdır. Hər bir oxucuya təşəkkürümü bildirirəm.

Yenilənmişdir Cümə, 07 Aprel 2017 10:57
каталог фаберлик на сайте faberllena.ru
народная медицина