DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QURBANQULU NİYƏ DƏ SEÇİLMƏSİN?!!

metanetMƏTANƏT ƏLİYEVA

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 98 faiz səs yığmaqla 3-cü dəfə ölkə prezidenti seçilib. 98 faiz istənilən halda gülünc görünür. Amma Qurbanqulu niyə də seçilməsin. Türkmənistan heç bir itki vermədən müstəqil oldu, əhalisi də neftin, qazın hesabına firavan dolanır. Çörək qazanmaq üçün ölkəsini tərk edən bir nəfər türkmənə rast gəlməzsən. Qazaxstan prezidenti Nursultan Nazarbayev də eyni yolu tutdu, Rusiya ilə dost münasibətdə qaldı, qazını su qiymətinə Avropaya satıb Rusiya ilə düşmən olmadı, nə torpaq itirdi, nə də bu gün çörək qazanmaq üçün ölkəsindən didərgin düşən bir qazaxa rast gəlməzsən. Bizim neftimiz, qazımız olduğu halda vətəndaşlarımız ailələrini başsız qoyub bütün keçmiş SSRİ ərazisinə səpələniblər. Öz torpaqlarımız boş qaldığı halda Rusiyada, Belorusiyada torpaq götürüb təsərrüfatla məşğul olan azərbaycanlılar var. Azərbaycanlılar bu gün nefti, qazı olmayan özbəklər və taciklər kimi yoxsulluq içərisində yaşayırlar. Türkmənistan, Qazaxstan da qazını Avropaya sata bilər, amma satmır. Azərbaycan TANAP layihəsi vasitəsilə qazını Gürcüstan və Türkiyədən keçirməklə Avropaya satmağa hazırlaşır. Türkmənistana və Qazaxstana da təklif edirlər ki, onlar da qazlarını bu kəmər vasitəsilə Avropaya satsınlar, amma bu dövlətlərin başçıları buna razılıq vermirlər. Maraqlıdır ki, bu dövlətlərin qazı bizimkindən dəfələrlə çox olduğu halda nə üçün onlar TANAP-a qoşulmaq istəmirlər? Mən istərdim ki, bizim siyasətçilər, iqtisadçı alimlər bu suala cavab versinlər.

Mən özlüyümdə bu sualın cavabını tapmışam, amma nə dərəcədə haqlı olduğumu bilmirəm. Mənə elə gəlir ki, Qurbanqulu və Nazarbayev Rusiyanın qəzəbindən qorxur. Hər iki prezident müstəqil siyasət yürütmək adı ilə qazını Avropa bazarına çıxara bilər. Bu müstəqil siyasət onlara Azərbaycan, Gürcüstan, Ukrayna kimi torpaq itkisi, vətəndaş müharibəsi, insan qırğını bahasına başa gələr. İndi mən deyə bilmərəm hansı dövlət baçşısı daha müdrik siyasət aparır, qərblə əməkdaşlıq edənlər, yoxsa Rusiya ilə müttəfiq olanlar. Daha doğrusu, mən Rusiya ilə müttəfiqliyi daha müdrik siyasət hesab edirəm. Mətbuat gecə-gündüz Cəbrayılın Cocuq Mərcanlı kəndi barəsində danışır. Kiçik bir kəndi bərpa etmək üçün milyonlarla manat pul lazımdır. Bu qayda ilə hesabladıqda rayonlarımız işğaldan azad olunandan sonra neftdən və qazdan qazandığımız milyardlar rayonların bərpasına bəs etməyəcək. Pulu bir kənara qoyaq. Bəs bu müharibədə həyatını itirən, şikəst olan cavanların itkisini nəyin hesabına bərpa edəcəyik? Xalqın ziyanına aparılan bu yanlış siyasəti dərk edənlər çoxdur, amma onların əlindən heç nə gəlmir. Çünki onları ruspərəst damğası ilə xalqın gözündən salmağa çalışırlar. Müstəqilliyə çıxdığımız ilk illərdə rusiyapərəst adlandırılan bu adamlar neftimizin də təcili Avropaya satılmasının əleyhinə idilər. Türk millətçiləri onları düşmən elan etdilər, neftin 60 faizini qərb şirkətlərinə peşkəş etməklə nefti satdılar, pulunu də havaya sovurdular.

Televiziya kanallarımızda politoloq adı ilə siyasi hadisələrə şərh verən adamları görəndə adam dəhşətə gəlir. Öz fikri olmayan bu adamlar hökumətin yanlış siyasətini tərifləməklə həqiqəti əhalidən gizlətməyə çalışırlar. Niyə görə televiziyalarımızda alternativ fikrə yer yoxdur? Əgər hökumət apardığı siyasətin düzgünlüyünə bu qədər arxayındırsa, qoy televiziya kanallarında əks fikirlər səsləndirilsin və hökumətin nümayəndələri sübut etsinlər ki, məsələn, TANAP layihəsi xalqın xeyrinədir.

İtirdiyimiz sərvətlərə heyfim gəlmir, itirdiyimiz insanlığa heyfim gəlir. Ümid etmək olar ki, insanlığımızı bərpa edəcəyik. Bu yerdə yenə də çox sevdiyim yazıçı Fərman Kərimzadənin “Xudafərin körpüsü” əsərinə istinad etmək istəyirəm. Əsərdə göstərilir ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin vəfatından sonra onun oğlanları və nəvələri hakimiyyət üstündə bir-birini öldürür, dövlət dağılır, yoxsulluq içərisində yaşayan insanların əxlaqı pozulmaqda davam edir. Uzun Həsənin ən ağıllı və ən sədaqətli vəziri olmuş Zəkəriyyə Keçəçi görür ki, sarayda ağıllı məsləhətə ehtiyac yoxdur, doğulduğu Kür qırağındakı kəndinə qayıdır və kədərlə hadisələrin gedişini izləyir. İllər keçir, dövran dəyişir. Uzun Həsənin ağılsız qohumları bir-birini qırıb qurtardıqdan sonra yenidən ağıllı adamlar hakimiyyətə gəlir. Zəkəriyyə Keçəçi yenidən saraya qayıdır. Ağıllı adamlara dövlətin və xalqın həmişə ehtiyacı olub. 15-cı əsrdə ölkəmizdə ağıllı adamlar olduğu kimi indi də onlar var. Ümid edək ki, nə vaxtsa onlar xalqı ağ günə çıxararlar.

Yenilənmişdir Cümə, 17 Fevral 2017 10:57
каталог фаберлик на сайте faberllena.ru
народная медицина