DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ATAM MƏNİ OXUTDURMADI

metanetMƏTANƏT ƏLİYEVA

“Atam məni oxutdurmadı”. Bu ən zəhləm gedən sözdür. Bu sözü deyən adamdan soruşuram ki, atan səni necə oxutdurmadı? Kitabı əlindən aldı, kirayə qaldığın evin pulunu, dərsliklərin, paltarın, yeməyinin pulunu vermədi, təhsil haqqını ödəmədi? Məlum olur ki, atası rüşvət verib bu adamı ali məktəbə düzəltməyib. Bəli, test üsulu tətbiq olunana qədər atalar külli miqdarda rüşvət verib əlinə kitab almayan övladlarını ali məktəblərə düzəltdirirdilər. Sonra da rüşvət verib onları yaxşı dövlət işlərinə düzəltdiridilər. Elə ona görə də dövlətimiz bu gündədir. Test üsulu tətbiq olunandan sonra savadsız gənclərin ali məktəbə daxil olması minumuma endi. İndi yenidən test üsulunun ləğv olunub əvəzində yeni qurum yaranması ilə bağlı işlər gedir.  Məlumatlara əsasən, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən qovulub. Bəziləri bunda dövləti günahlandırır. Dövlət yüksək savadlı tələbələri öz hesabına oxudur. O ki qaldı aşağı balla ali məktəbə daxil olanlara, onlar təhsil haqqını özləri ödəməlidirlər. Bill Klintonun xatirələrində oxudum ki, fabrik sahibinin qızı olan Hillari Klinton təhsil haqqını ödəmək üçün yay tətilində müxtəlif yerlərdə işləyirmiş. Qərbdə, ümumiyyətlə, qayda belədir. Mən Vilnüsdə uşaq bağçasında işləyəndə müdirimin yeganə qızı yay tətilində mənim qrupumda dayə işləyirdi. Ağıllı insanlar övladlarını uşaqlıqdan zəhmətə öyrədirlər ki, övlad bilsin pul qazanmaq necə olur. Bizdə əksər valideynlər bacardıqları qədər uşaqlarını zəhmətdən qorumağa çalışırlar. Bizim yaxın qohumların, demək olar ki, hamısının təhsil haqqını biz ödəmişik. İndi bu gənclər biz işləyəndə dayanıb tamaşa edirlər, elə bil ki, belə də olmalıdır, biz işləyib onlara verməliyik. Azərbaycanda qohumluq münasibətləri elə ədalətsiz qurulub ki, vicdanlı, zəhmətkeş adam hərtərəfli istismar olunur. Bizim fermer təsərrüfatında iki övladı olan gənc ailə yaşayır. Uşaqlıqda anasını itirən qadının kasıblığı ürək ağrıdır. Qadın hər gün səhər saat 5-də durub keçilərini sağır, pendir düzəldir. Ötən həftələrdə rayonda idim. Pendiri satıb 42 manat pulu qadına verdik. Kiloqramını 2 manat 50 qəpik, 3 manatdan verir.  Pulu alandan sonra qadının əri kəndə qardaşıgilə getdi. Qayıdanda gördüm ki, onların qaldığı evdə uşaqlar qışqırır. Gedib gördüm ki, kişi həyat yoldaşını ağacla döyüb, qadın uşaqlarını qucaqlayıb durub. Məlum oldu ki, kişi pendirin pulunu aparıb kənddə yaşayan qardaşına verib, qadın buna etiraz etdiyi üçün döyülüb. Qadın etiraz etməkdə haqlı idi. Qardaşı da ailəsini götürüb təsərrüfatlarda işləyə bildiyi halda evində oturub digərinin hesabına yaşayır. Azərbaycanda qohumluq münasibətləri bu cür ədalətsizlik üzərində qurulduğu üçün ailələr əziyyət çəkirlər. Bir ailə işləyib digərini saxladığı üçün bu ailədə ata-ana arasında olan münaqişədən uşaqlar əziyyət çəkirlər. Digər  ailənin uşaqları haramla böyüdüklərindən ata-ana üçün dərd-bəlaya çevrilirlər.  Bu münasibətin kökü lap yuxarıdan gəlir. Prezidentlər öz qohumlarını buna layiq oldu-olmadı, böyük vəzifələrə düzəldirlər və bu qayda ilə dövlətimiz formalaşır və millətimiz zəlil günə qalır. Bir qrup istismar olunur. Digər qrup harınlayır.

Çox vaxt ailələrdə uşaqların tərbiyəsi ilə bağlı ata-ana arasında münaqişə yaranır. Ata, yaxud ana uşağı zəhmətdən yayındırmağa çalışır, digər tərəf buna etiraz edəndə ailədə münaqişə dərinləşir. Dahi yazıçı Lev Tolstoy haqqında həyat yoldaşının, qızının, digər yaxın adamlarının xatirələrini oxuyanda Tolstoyun uzaqgörənliyinə heyrət edirsən. Qraf Tolstoyun 13 uşağından 9-u sağ qalmışdı, onların 3-ü qız, 6-sı oğlan idi. Tolstoy övladları haqqında deyirdi ki, onlar mənəvi cəhətdən şikəstdirlər. Qraf Tolstoy ömrünün  sonuna kimi doğulduğu Yasnaya Polyana kəndində yaşadı. Moskvada evi olsa da, yazıçı orada qala bilmirdi, günü balda, ziyafətlərdə keçən zadəganların tüfeyli həyatı onu sıxırdı. Tolstoy 70 yaşında kənddə mujiklərlə dayanmadan 3 saat ot biçirdi, quyudan su daşıyırdı,  80 yaşında at çapırdı. Uşaqları tüfeyli həyata meylli olduğu üçün Tolstoy şəxsi torpaqlarını kəndlilərə vermək, əsərlərinin müəlliflik hüququnu nəşriyyatlara vəsiyyət etmək istəyirdi. Həyat yoldaşı buna etiraz etdiyi üçün ailədə münaqişə dərinləşirdi. Vəziyyət o həddə çatdı ki, bir qış günüdə Tolstoy 82 yaşında evdən qaçdı və yolda soyuqlayıb vəfat etdi. Tolstoyun dahiliyi onun uzaqgörənliyində idi. O görürdü ki, ailələrdən başlayan mənəviyyatsızlıq cəmiyyəti çürüdüb. “Dirilmə” əsərində məhkəmələrdən tutmuş həbsxanalara qədər bütün dövlət strukturlarında çürümə prosesinin getdiyini təsvir edən yazıçı inqilabçıları təsvir edərək yeganə işıqlı qüvvə kimi onları göstərir. Həmin dövrdə Rusiyanı kənardan dağıtmaq istəyən qüvvələr də vardı. Tolstoy əsərlərində Masson təşkilatı haqqında müsbət fikir formalaşdırırdı. Onun “Hərb və sülh” romanının qəhrəmanı Pyer Bezuxov da bu təşkilata qoşulur. Təbiətcə saf insan olan Tolstoy sadəlöbh uşaq kimi tez təsirə düşürdü. Həyat yoldaşı Sofya Andreyevna Tolstoyu bu qüvvələrin təsirindən çıxartmağa çalışırdı. İslahatlar həyata keçirmək istəyən çar Aleksandr sui-qəsd nəticəsində qətlə yetirildi. Bu işdə həm daxili, həm də xarici qüvvələrin əli vardı. Tolstoy hadisələrin gedişinə təsir edə bilmirdi, amma zadəganların və Rusiyanın gələcək faciəsini görürdü. Tolstoyun vəfatından 6 il sonra Rusiyada inqilab oldu və onun övladları heç nəsiz qaldılar. Oğlu Sergeydən başqa bütün övladları mühacirət etdilər və yoxsulluq içərisində yaşadılar. Tarix Tolstoyun haqlı olduğunu göstərdi. Tolstoyun “Dirilmə” əsərini oxuyanda adama elə gəlir ki, Azərbaycanın bu günü təsvir olunub. Bu isə o deməkdir ki, bizi yaxşı gələcək gözləmir. Bizim əsas düşmənimiz erməni işğalçıları deyil, gələcək faciələrimizin səbəbi təhsilimizin, səhiyyəmizin və əsasən də elitamızın mənəvi cəhətdən çürüməsdir. 

Yenilənmişdir Şənbə, 16 Aprel 2016 12:59
каталог фаберлик на сайте faberllena.ru
народная медицина