DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ÜÇ GÜNLÜK MÜHARİBƏ VƏ XANIM XƏLİLOVANIN DƏSTƏSİ

metanet

MƏTANƏT ƏLİYEVA

İki mövzuda yazmaq barədə fikirləşirdim ki, müharibə mövzusu gündəmə gəldi. Mövzu deyəndə gördüklərim, eşitdiklərim, məni narahat edən problemlər barədə yazıram. Xeyli vaxtdır həyat yoldaşım mənə yazmağı qadağan etmişdi. Buna səbəb ölkədə kartof monopoliyası barədə yazdığım məqalə idi. Eşidiklərimə əsasən yazmışdım ki, ölkəyə kartof idxalını Şeyx Allahşükür Paşazadə monopoliyada saxlayır. Yazı “Reytinq” qəzetində dərc olunandan sonra Şeyxin nümayəndəsi qəzetdən Mətbuat Şurasına şikayət etdi. Qəzetin baş redaktoru Afiq Mirzəyev Gömrük Komitəsi ilə əlaqə saxladı və oradan bildrdilər ki, Şeyxin kartof idxalını monopoliyada saxlaması barədə yazılanlar həqiqətə uyğun deyil. Qəzet təkzib verdi və məsələ bitdi. Yazımın təsirinin olub-olmadığını deyə bilmərəm, amma bu məsələdən sonra kartofun kiloqramının qiyməti 1 manatdan 50 qəpiyə düşdü. Əvəzində həyat yoldaşım mənə yazmağı qadağan etdi. O hesab edir ki, mənim yazılarımla heç nə dəyişən deyil. Hətta yazımı sayta qoyan dizayner Aqilə tapşırıb ki, saytda şərhlər üçün yer qoymasın. Fikirləşir ki, tərbiyəsiz oxucular artıq-əskik sözlər yaza bilərlər. Qadın olmağım peşə fəaliyyətimdə mənə çox mane olub. Vaxtımın cüzi hissəsini peşəmə, çox hissəsini ailəmə ayırmışam. Yazmadığım dövrdə mənə çox çətin oldu, çünki mən bu sənəti çox sevirəm. Zarafatca qızlarıma deyirdim ki, sənətimlə ailə arasında seçim etmək məcburiyyətində qalmışam. Seçim lazım gəlsə mən ailəmi seçərəm, ilk növbədə ona görə ki, uşaqlarımın xoşbəxtliyi mənim üçün hər şeydən üstündür. Sənəti ilə ailəsi arasında seçim etmək problemi qarşısında qalan qadınların ağrısını başa düşürəm.

Ötən şənbə Şamaxıdakı kəndimizdə kartof əkməyə getmişdik. Başımız işə qarışmışdı, dünyadan xəbərimiz yox idi. Tələbə yoldaşı (milliyətcə rusdur) Saxalindən həyat yoldaşıma skaypla zəng edərək dedi ki, müharibə başlayıb. Biz heç nə başa düşmədik. Televizoru açıb müharibə barədə danışan politoloqları, millət vəkillərini, sənət adamlarını, aparıcıları görəndə başa düşdüm ki, bu işin axırı yaxşı olmayacaq. Milli kanallarımızda hadisələrə şərh verən simaları görəndə adama elə gəlir ki, ölkədə bir nəfər də ağıllı adam yoxdur. Üç gün atışma getdi, bir kəndi belə ala bilmədik, şəhid olanların, yaralananların sayı barədə dəqiq məlumat verilmədi, amma televiziya kanallarımızda, sosial şəbəkələrdə (internetə girib onları oxmağı bacarmıram, eşitdiklərimi yazıram) bizi qələbə münasibətilə təbrik etdilər. Qələbəmizin nədən ibarət olduğu mənə çatmadı. Bu qədər itki verdik, cəbhə bölgəsində evlər dağıldı, bir kəndi belə geri ala bilmədik və bunu bizə qələbə kimi təqdim etdilər. Hələ də Bakının küçələrində izdihamlı şəkildə qələbəni qeyd edirlər. Görünür, 25 ildir başı yalanlarla doldurulan gənclər şəxsi düşüncə tərzindən məhrum olublar. Üzdə olan adamlar televiziyalarda pafoslu çıxışlar edir, boğazdan yuxarı təriflər yağdırırdılar və birdən atəşkəs elan olundu. Artıq bizimkilər atmır, ermənilər yenə də atırlar. Mən fikirləşirdim ki, bizimkilər qələbə haqqında danışdıqları bu yalanın altından necə çıxacaqlar. Görünür, yalanı danışanlar onun altından çıxmağı da bacarırlar. İndi də belə söhbətlər dolaşır ki, guya 6 rayonu geri qaytaracaqlar.

Sadə əhalinin üç günlük müharibəyə münasibəti müxtəlif oldu. Sevindilər ki, nəhayət, torpaqlarımızı azad edə bilərik. Biri silah götürüb cəbhədə döyüşmək istədi, biri qan vermək, biri əsgərlərə maddi yardım etmək istədi, biri küçələrə çıxdı, biri sosial şəbəkələrdə ürəyini boşaltdı, biri göz yaşları tökdü. Üç günlük müharibə insanlarda vətənpərvərlik hissini qabartdı. İnsani hisslərdən məhrum olanlar, sadəcə olaraq, kütləyə qoşulub başqalarının hərəkətlərini təkrar edənlər, rola girib artistlik edənlər də çox oldu. Amma düşünənlər az oldu. Düşünən olmadı ki, nə üçün kömək edəcəyini vəd edən Türkiyə, Pakistan və digər dövlətlər sözdən əmələ keçmədilər? Düşünən olmadı ki, niyə bu münaqişədə Rusiya ermənilərin tərəfini tutur? Bəziləri deyirlər ki, ermənilər xristian olduğu üçün Rusiya onların tərəfini tutur. Rusiya müsəlman Suriyasını işğaldan qorumaqla göstərdi ki, bu, din söhbəti deyil. Türkiyə və Səudiyyə Ərəbistanı kimi müsəlman dövlətləri birmənalı şəkildə Suriyanı işğal etmək istəyən dövlətlərə kömək edirdi. Ümumiyyətlə, niyə Rusiya dövləti hər dəfə zəifləyəndə erməni-azərbaycanlı münaqişəsini yaradır? Niyə hər dəfə ermənilər bu münaqişədən istifadə edərək torpaq əldə edirlər, biz isə torpaq itiririk?

1917-ci ildə Rusiya dağılanda Türkiyəyə, İngiltərəyə arxalanıb Rusiyaya qarşı çıxdıq, müttəfiqlərimiz bizi öz əlləri ilə Rusiyaya təhvil verib istədiklərini aldılar. 1988-ci ildə Rusiya yenidən dağılanda ABŞ-a, Türkiyəyə arxalanıb Rusiyaya qarşı çıxdıq və Qarabağı itirdik. Müttəfiqlərimiz bizi yenidən Rusiya ilə təxribata çəkməklə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına nail olmazlar ki?!! Həm də Türkiyəyə, ABŞ-a, Pakistana arxalanıb yekə-yekə danışanlar niyə unudurlar ki, bu dövlətlər ötən ay Suriyada Rusiyaya uduzdular. Bu məsuliyyətsiz çıxışlar, hərəkətlər bizi hara aparır?, Nə vaxta qədər ağılsız adamları qabağa verib məsuliyyətsiz sözlərlə xalqın başını dolduracaqlar? Mən böyük siyasətin içərisində deyiləm və çox şeydən xəbərim yoxdur. Həqiqəti bilən səlahiyyətli adamlar, ziyalılar ya susurlar, ya da xalqı aldadırlar. Rusiya bir dəfə də dağılsa, bu elita ki bizdə var, onların hesabına Azərbaycan adlı dövlət qalmayacaq. Bunu mən tarixə istinad edərək deyirəm, çünki tarix təkrar olunur. 100 il bundan əvvəl inqilab Rusiyanı zəiflədəndə Zəngəzuru və Göyçəni itirdik. 1988-ci ildə Rusiya yenidən zəifləyəndə Qarabağı itirdik. Hər iki tarixdə Rusiyanın Qafqazda mövqelərini qorumaqda yardım edən ermənilər qazandılar. Biz isə İngilisə, ABŞ-a, Türkiyəyə arxalandıq və torpaqlarımızı itirdik. Ermənistan Rusiyaya arxa çevirir və qalib olur. Bəs bizim arxa çevirdiyimiz Türkiyə nə üçün torpaqlarımızı almaqda bizə yardım etmir? Dərindən düşünsək, başa düşərik ki, Türkiyə və onun müttəfiqləri olan ABŞ və Avropa dövlətləri Suriyada məğlub oldular və onlar bizə yardım edə bilməyəcəklər.

Üç günlük müharibədə həlak olan və yaralanan əsgərlərin analarına Allah səbir versin. Hacıqabul rayonunda tanıdığım bir ailənin oğlunun ayağının birini kəsiblər, o birini də kəsə bilərlər. Oğlu hərbi xidmətdə olan analar bir günün içərisində qocaldılar. Oğlanlarımız yalnız Qarabağda şəhid olmurlar. Bir nəfər qadın danışdı ki, xalam oğlu Türkiyədə ali təhsil alırdı. Bir də xəbər tutduq ki, İŞİD-ə qoşulan xalam oğlu televiziya ilə çıxış edərərək hədə-qorxu gəlir. Xalam huşunu itirdi, hələ də özünə gələ bilmir, yas yerlərində oğlunu oxşayıb ağlayır. Qadın dedi ki, onların bütün qohumları hazırda nəzarətdədir. İŞİD-ə qoşulanların faciəsi Qarabağda şəhid olanların faciəsindən daha ağırdır. İŞİD-in arxasında duran dövlətlər artıq Rusiyaya məğlub oldular. Baxmayaraq ki, Rusiyanı çökdürmək üçün nefti ucuzlaşdırdılar, dolları bahalaşdırdılar, Rusiyanı məğlub edə bilmədilər. Yeri gəlmişkən, mənə belə gəlir ki, neftin qiyməti qalxmaqda, dollar ucuzlaşmaqda davam edəcək. Bizim məmurlarımız da sağ olsunlar. Nə qədər ki, neftin pulları gəlirdi, dolları süni surətdə bahalaşdırırdılar və dollara xaricdən aldıqları malları yerli bazara töküb yerli istehsalı öldürürdülər. Neft ucuzlaşandan yerli mallarımız bazarlarda azadlıq əldə ediblər. İŞİD-in arxasında duran dövlətlər Rusiyaya məğlub olandan sonra İŞİD-çilərin taleyi sual altında qalıb. Onlar öz ölkələrinə qayıtsalar həbs olunacaqlar. Digər dövlətlər də bu başıpozuq, qan tökməyə öyrənmiş terrorçuları qəbul etməkdə maraqlı deyil. Onlar ölənə qədər təhlükə mənbəyi olaraq qalırlar. Maraqlıdır ki, İŞİD-i yaradanlar ondan necə yaxa qurtaracaqlar. Və bir daha üç günlük müharibədə cavanları qana çağıran müxalifət liderlərin (qərbin və mafioz məmurlarımızın casuslarının ) məsələsinə qayıtmaq istəyirəm. Bu liderlərin oğlanları Azərbaycandan gedən pullarla Avropa ölkələrində təhsil alır, biznes qurur, qumarxanalarda, restoranlarda əylənir. Niyə kasıbların uşaqları cəbhədə qırılmalıdır? Üç günlük müharibədə hansı məmurun oğlu şəhid oldu? Niyə “biz qan tökməyə öyrənmişik” deyən müxalifət lideri bu haqda danışmadı? Ona görə ki, onun da oğlu xalqdan oğurlanan və qərbdən gələn pullar hesabına Avropada firavan yaşayır. Vətənpərvərlik gəncləri təxribata çəkmək deyil, vətənpərvərlik həqiqəti demək cəsarətidir.

Müharibəyə gedib döyüşmək istədiyini deyən qadınlar yadıma bir hadisəni saldı. Qarabağ döyüşlərinin qızğın vaxtları idi. Bir qadın mənə danışdı ki, AXC-nin liderlərindən olan Xanım Xəlilova başına dəstə yığıb Qarabağa getməyə hazırlaşırdı. Biz qadınlar tort bişirib süfrə açdıq və onları cəbhəyə yola saldıq. Pudralanıb kraskalanmış, dar şalvar geyinmiş kök qadınlar cəbhəyə yola düşdülər. Bir neçə gündən sonra gördük ki, üzü-gözü göyərmiş qadınlar geri qayıdıblar. Sən demə, Xanım Xəlilovanın qadınları döyüş bölgəsində yüngül hərəkətlər etməyə başlayıblar. Qadınların yüngüllüyünə dözə bilməyən əsgərlər onları döyüb cəbhədən qovublar. Əhvalat gülməli görünsə də Xanım Xəlilova populist hərəkətləri ilə istədiyinə nail oldu. Hazırda Türkiyədə var-dövlət sahibidir. Türk generalları ilə oturub durur.

Yenilənmişdir Cümə, 08 Aprel 2016 06:20
каталог фаберлик на сайте faberllena.ru
народная медицина