DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


PAYTAXT ŞİRVANA KÖÇÜR

RƏFAEL HÜSEYNOV HACIQABULDA PEYDA OLUB 

Mətanət Əliyeva

 

Bir neçə aydır yazmıram. Bilirəm ki, mənim nə yazacağımı gözləyənlər var. Mən indi hamı kimi gözləmə mövqeyindəyəm. Bu o demək deyil ki, mən hansı klanın qalib gələcəyini gözləyirəm ki, onun tərəfinə keçim. Sadəcə olaraq, prezidentin islahatlar kimi təqdim etdiyi kadr dəyişikliyinin, parlament seçkisinin nə ilə nəticələnəcəyini gözləyirəm. Bir şeyi bilirəm ki, vəziyyəti gündən-günə ağırlaşan əhali də mənim kimi gözləmə mövqeyindədir. Atalar deyib ki, yeməkdənsə ümid olmaq yaxşıdır. Cüzi də olsa əhalidə ümid var ki, nəsə yaxşılığa doğru dəyişə bilər. Hər ziyanda bir xeyir olduğu kimi, son illərdə yaşadığımız problemlər, haqsızlıqlar bir xalq olaraq bizi düşündürdü, öz səhvlərimizi götür-qoy etdik, ən əsası kasıb təbəqə hərəkətə gəldi, başa düşdü ki, ələbaxımlıq insanın mənliyini, ləyaqətini öldürür, insanı həşarata çevirir, insan halal əməyi ilə yaşamalıdır. Sərvətlərin bir əldə cəmləşməsi milyonlarla oğru məmuru qohumlarını “darma” yemləmək imkanından məhrum etdi. Bu bizim qazancımızdır. Hərdən öz-özümə fikirləşirəm ki, biz bir xalq olaraq xoşbəxt yaşamağa layiqikmi? Bəli, layiqik. Ətrafımızdakı insanların vəhşiləşməsinin konkret səbəbləri var. Ölkəmiz cəngəllik qanunları ilə idarə olunur. Vəhşi cəmiyyətdə baş çıxarmaq üçün vəhşiləşməlisən. Vəhşiləşməsən yırtıcılar səni məhv edəcək. Normal cəmiyyət olanda insanların yaxşı sifəti üzə çıxacaq.

Mən yazımın sərlövhəsini qəsdən “Paytaxt Şirvana köçür ” qoymuşam. Bu mənim arzumdur. Həm Bakı boşalar, həm də Aran zonası dirçələr. Bu gün ən pis vəziyyətdə yaşayan Aran zonasının sakinləridir. Bircə faktı deyim ki, Aran zonasında əhalinin əhəmiyyətli hissəsi məmurların mal-qarasına baxmaq üçün ailəliklə fermalarda yaşayır. Düzəngahda yerləşən bu fermalarda su, qaz, işıq yoxdur. İnsanlar bir-qarnı ac, bir qarnı tox, kirin, hisin içərisində yaşayırlar, uşaqlar məktəbə getmirlər. İnternet televiziyalarından xahiş edirəm bu faktları ictimailəşdirsinlər. Elgizin verilişində belə bir ailəni göstərdilər, amma ekspertlər yalnız ata və ananı söydülər, məmurların adını çəkməyə cəsarət etmədilər. Bilirəm ki, yataqları gəzmək üçün çoxlu pul lazımdır. Pulum olsa mən özüm də bunu edərəm, o sürülərin kimin olduğunu araşdıraram. Ötən həftə Hacıqabulda möcüzə baş verib. 10 ildir rayonun deputatı olan Rəfael Hüseynovun qəflətən rayonda peyda olması əhalini şoka salıb. Deputatlığa yenidən Hacıqabul rayonundan namizəd olan Rəfael bəy rayonda vəfat etmiş şəhid atasının yas mərasiminə qatılıb.

Hacıqabul əhalisinin problemlərini sadalamaq istəmirəm. Hesab edirəm ki, əhalinin vəziyyətini bir qədər yüngülləşdirmək üçün ilk növbədə uşaq pulu verilməlidir. Hazırda əksər şirkətlərdə ixtisarlar gedir. Gənc valideynlər stres içərisində yaşayırlar, qorxurlar ki, ixtisara düşsələr, uşaqları ac qalacaq. Uşaq pulu yox, işsizlərə müavinət yox, pulsuz müalicə yox. Valideynlər vahimə içərisində qıvrılırlar.Məncə, hökumət ona görə uşaq pulu vermir ki, onun 6 ayını sosial yardımda olduğu kimi məmurlar oğurlaya bilməyəcəklər. O işdə ki məmurların oğurlamaq, rüşvət almaq imkanı yoxdur, o işi görmürlər. Kasıblara mal-qara verirlər, ona görə ki orada da məmurlar oğurluq edə bilirlər. Həmin bu oğrular deyirlər ki, uşaq pulu versələr, qadınlar çox doğacaqlar. Pullu ailələrə baxsaq, əksəriyyətinin bir uşağı var, çox uşağı kasıblar doğurlar, maddi dayağı olmayan insanlar mənəvi dayaq qazanmaq üçün çox doğurlar. Pullu adamın vaxtını keçirmək üçün min cür imkanı var, o özü üçün yaşayır. Kasıb vaxtını uşaqlarına baxmaqla keçirir, yaşamağın başqa yolunu təsəvvür etmir, kasıbın hamiləlikdən qorunma vasitələrindən xəbəri yoxdur, kasıb aborta pul tapmır. Uşaq pulu versələr, bu, qətiyyən doğuşlara təsir etməyəcək, cəmiyyətdə sosial ədaləti bərpa edəcək.

Mən fikirlərimi insanlara çatdırmaq üçün YOUTUBE-da “İmpuls” adlı televiziya kanalı açıb sadə insanların problemlərini işıqlandırmağa başlayacam. Mənim öz yolum olacaq. Daha doğrusu, həmişəki yolumu davam etdirəcəm. “İmpuls” televiziya kanalında fikirlərimin davamını dinləyə bilərsiniz.

Yenilənmişdir Bazar, 19 Yanvar 2020 16:49
каталог фаберлик на сайте faberllena.ru
народная медицина