Səhifəni çap et

BAKINI YANDIRMAQ İSTƏYƏN KİMDİR?

BAKINI YANDIRMAQ İSTƏYƏN KİMDİR?

 

BAKIDAN ƏLİMİZİ ÜZMÜŞÜK, RAYONLARA QAYITMAĞA İMKAN VERMİRLƏR

Mətanət Əliyeva

“Diqlas” ticarət mərkəzinin yanması ilə bağlı üzə çıxdı ki, son vaxtlar baş verən yanğınların əsas səbəblərindən biri binaların divarlarına çəkilən tez alışan üzlüklərdir. Real Tv-yə müsahibə verən Fövqəladə Hallar nazirliyinin əməkdaşı bu faktı xüsusilə vurğuladı. Təəssüf ki, televiziyanın əməkdaşı sual vermədi ki, bu özlüyü kim istehsal edir, yaxud o hansı ölkədən idxal edilir? Niyə bu məhsulun idxalına, yaxud istehsalına qadağa qoyulmur? Aydın məsələdir ki, ölkədə tikinti materiallarının istehsalı və satışı bir neçə ailəninin monopoliyasındadır. Bunların arasında yırtıcı mübarizə gedir. Cinayət yolu ilə fantastik var-dövlət əldə edən bu insanlar ağıllarını itiriblər. Onlar bir-birini məhv etmək üçün Bakını yandıra bilərlər. Bu sözü təsadüfən demirəm. Bakının mərkəzində 4 mərtəbəli binada qiymətindən baha bir mənzil alan məmur həyətin divarına tez alışan üzlük çəkəndə həyətin adamları ona etiraz etdilər. Şübhə yaranır ki, bu məmur qəsdən binanı yandırıb yerində hündürmərtəbəli bina tikə bilər. Bakının yanmaq təhlükəsi sizə zarafat gəlməsin. Var-dövləti əlindən alınan məmurlar Bakını qəsdən yandıra bilərlər.
Mən Bakıdan çoxdan əlimi üzmüşəm. Bu qədər ki qanunsuz binalar tikilir, əvvəl-axır Bakı çökəcək. Ağlı olan adam Bakıda mənzil almaz, gedib rayonların birində koma tikər ki, Bakı çökəndə küçədə qalmasın. Mənim Hacıqabul rayonunda belə bir komam var. Günü bu gün gedib orada yaşayaram, torpağımı əkib heyvan-qara saxlayaram. Necə deyərlər, xilə qızıyam, xilələr sovet dövründə də şəxsi təsərrüfat sahibi olublar, heyvan-qara saxlayıblar, firavan yaşayıblar. Təsərrüfata sevgi məndə genetikdir. Təəssüf ki, rayona gedib bu işlə məşğul ola bilmirəm. Çünki torpağımı sulamaq üçün su vermirlər. Arpa və ot baha olduğu üçün heyvandarlıqla məşğul olmaq gəlir vermir. Torpaqları əkməyə su vermirlər. Hacıqabulun əsas hissəsini təşkil edən xilələr işsizlikdən Rusiyaya və başqa ölkələrə mühacirət ediblər. Ailələr başsız, evlər yiyəsiz qalıb. Prezident regionların inkişafı proqramını təqdim edəndə öz şəxsi biznesini nəzərdə tutmuşdu. Bu proqramlar çərçivəsində prezidentin ailəsi bütün rayonlarda özləri üçün aqroparklar yaradır, bütün dövlət qurumları onların şəxsi təsərrüfatı üçün işləyir. Hacıqabulda prezidentin şəxsi təsərrüfatına melorasiya idarəsinin çəkdiyi sudan yerli əhaliyə verilmir. Yoxsulluq içində yaşayan əhali qorxudan səsini çıxara bilmir. Ümid bu il keçiriləcək bələdiyyə seçkilərinə qalıb. Yəqin ki, seçki dövründə ölkədə kütləvi tədbirlər keçirməyə icazə verəcəklər. O zaman əhali su tələbi ilə çıxış edə biləcək.
Son bir-iki hadisəyə də münasibət bildirmək istəyirəm. Prezident hüquq-mühafizə orqanlarının qanunlara əməl etməsi üçün fərman imzaladı. Hüquqşünas olmasam da bu fərmana gülməyim gəldi. Əgər qanun varsa, məhkəmə, polis, prokuror qanuna əməl etmirsə, deməli, cinayət edir, cinayətkar cəzalanmalıdır. Bunun üçün prezidentin fərman verməsinə nə ehtiyac var. Son illər prezident kağız üzərində qalan o qədər fərman verib ki, hazırda onun fərmanları lağ-lağıya çevrilib. Belə fərmanlardan biri də əhalinin tibbi sağlamlığı ilə bağlı idi. Prezident fərman verdi ki, əhali gedib pulsuz tibbi müayinədən keçsin. Pulsuz müayinədən keçənlərin hərəsinə bir uzun resept yazıb apteklərə göndərdilər. Əhali başa düşdü ki, bu dərman mafiyasının oyunu imiş. İcbari tibbi sığortanı daha bir il uzatdılar ki, məmurlar bir az da qazansınlar. Prezident regionların inkişafı deyəndə özünün aqroparklarını, tibbi müayinə deyəndə dərman mafiyasını nəzərdə tutur. Hüquq-mühafizə orqanlarının qanuna riayət etməsi üçün fərman da Allah bilir nəyi nəzərdə tutur. Allah axırını xeyir eləsin.
Keçən həftənin ən dəhşətli hadisəsi 14 yaşlı məktəbli qızın özünü məktəbin pəncərəsindən ataraq intihar etməsi oldu. Bu faciə çoxlarının, o cümlədən ərindən boşananların yuxusunu qeybə çəkdi. 25 ildir dövlət səviyyəsində boşanmalar təbliğ olunur. Bir şeyi gizlədirlər ki, boşanmalar nəticəsində uşaqlar travma alırlar, onların taleyi məhv olur. Narkomanlar, “mavilər”, qatillər əsasən boşanmış ailələrdən çıxırlar. Bizdə boşanmanın əsas səbəbi işsizlik, kişilərin iş dalınca mühacirətə getməsi, qadın alverçilərinin bu gün də boşanmanı dövlət səviyyəsində təbliğ etməsidir. Təhsil mafiyası hesab edir ki, əxlaqsız qadınların özünü öldürməsi normaldır. Eləyə qalanda ən əxlaqsız adam oğurluq edən və rüşvət alandır. Yüngül həyat tərzi keçirən qadın yalnız öz həyatını məhv edir. Rüşvətxor məmurlar, o cümlədən təhsil sahəsindən milyardlar əldə edən məmurlar bütün xalqı məhv edirlər. Onların ölümü cəmiyyət üçün daha faydalı olar.
Ölkədə turizm biznesinin inkişafı deyəndə məmurlar şəxsi obyektlərini nəzərdə tuturlar. Hər nazirin özünün turizm obyekti, otelləri var, öz işçilərini həmin obyektlərdə istirahətə yönəldib pul qazanırlar. Xarici turist kimi ərəblərin gəlməsinə şərait yaradırlar. Halbuki isti ölkələrdə yaşayan ərəblərdənsə, soyuq ölkələrdə yaşayan turistləri ölkəmizə cəlb etmək daha sərfəli olar. Bakıda Ləhiş bağları deyilən çimərlik var. Pirşağı, Kürdəxanı, Nardaran bağlarını əhatə edən bu ərazidə son illər tikilən evlər ilin bütün fəsillərində boş qalır. Bakıda ən narın qum, ən təmiz su bu çimərlikdədir. Ətrafdakı bağların iri əncir, çinar ağacları buranı füsukar edir. Yerli əhali danışır ki, vaxtilə bu bağlarda çimərlik mövsümündə bir ev belə boş qalmırdı. Heydər Əliyevin sovet vaxtı hakimiyyəti dövründə bu bağlara gedən elektrik qatarı ləğv edildi. Nəqliyyatsız qalan əhali bağlara gedə bilmədi. İndi də ora nəqliyyat işləmədiyindən evlər boş qalıb, halbuki minlərlə ailə o bağlarda daimi yaşayar, Bakı bir qədər boşalar. Ləhiş bağlarında çimərlik bərbad gündədir. Mövsüm başlayanda qaraçı köçünə bənzəyir. Pullu çimərliklərin sahibləri maşın təkərindən hasar çəkirlər. Hökumət cüzi xərc çəkib çimərlikdə şərait yaratsa, Rusiya, Pribaltika ölkələri, Belorusiya kimi soyuq ölkələrin vətəndaşlarını ora cəlb etmək olar. Bu ölkələrin vətəndaşları bizim qızmar günəşimizin həsrətini çəkirlər. Turist axını olsa, bu ərazinin əhalisi evini icarəyə verib pul qazanar, kasıbların sayı azalar. Bu hökumət heç vaxt bunu etməyəcək. Başda prezident olmaqla bütün məmurlar yalnız öz bizneslərini düşünürlər.

Yenilənmişdir Çərşənbə, 01 May 2019 18:02
каталог фаберлик на сайте faberllena.ru
народная медицина
FaLang translation system by Faboba