Səhifəni çap et

AZƏRBAYCANIN FACİƏSİ QARŞIDADIR; NİYƏ ÜÇÜNCÜ QÜVVƏ YOXDUR?

AZƏRBAYCANIN FACİƏSİ QARŞIDADIR; NİYƏ ÜÇÜNCÜ QÜVVƏ YOXDUR?

Mətanət Əliyeva

“Azəryolservis” ASC-nin sədr müavini Əvəz Qocayevin var-dövlətinin siyahısı açıqlanıb. Var-dövlətin həcmi milyard manatı keçib. Bu hələ müavinin var-dövlətidir. Korrupsiyaya qarşı mübarizə idarəsinin adi bir əməkdaşının var-dövləti bundan da çoxdur. Qanunların işlədiyi dövlətlərdə (o dövlətlərdə ki, dünyanın bütün korrupsiyalaşmış dövlətlərindən mühacirlər ora can atırlar) işləyən, çalışan, ağlı, bacarığı olan adamlar varlı yaşayırlar. Bizdə işləyənlər yavan çörəyə güclə pul tapırlar, oğrular, rüşvətxorlar, büdcəni talayanlar, xalqı talayanlar fantastik sərvət sahibidirlər. Əvvəllər sadə əhali onu talamaq hesabına varlı yaşayanlara həsədlə baxırdı. Bir növ hesab edirdilər ki, bu belə də olmalıdır, bacarana baş qurbandır. Bundan şirnikən varlılar villalarını, maşınlarını, məşuqələrini, istirahət etdikləri kurortları nümayiş etdirməkdən zövq alırdılar. Artıq oğrulara münasibət dəyişib, insanlar onlara qarşı qəzəbli və kinlidirlər, əllərinə fürsət düşsə onları tikə-tikə edərlər. İnsanlar başa düşüblər ki, bu gün səfalət içərisində yaşamalarının səbəbkarları məhz bu oğrulardır. Bunu hiss edən varlılar artıq var-dövlətlərini nümayiş etdirməkdən ehtiyat edirlər.

Prezident İlham Əliyev sosial ədaləti bərpa etmək, kasıbların vəziyyətini yaxşılaşdırmaq üçün sərəncamı sərəncam dalınca verir. Amma bunlar dəryada bir damla kimi gözə görünmür. Korrupsiya aradan qalxmasa heç bir sərəncamın faydası olmayacaq. “Diqlas” ticarət mərkəzində yanğından zərər çəkən sahibkarlar, zəlzələdən ziyan çəkənlər əmlaklarını sığorta etdirmədikləri üçün dövlət onları günahkar bilir. Sığortanın normal fəaliyyəti üçün normal məhkəmə olmalıdır. Məhkəməyə inanmayan vətəndaş sığortaya etibar edə bilməz. Polisin, prokurorluğun, məhkəmələrin maksimum korrupsiyalaşdığı ölkədə inkişaf ola bilməz, adi vətəndaş firavan yaşaya bilməz. 20 milyard manat olan büdcənin hər il təxminən 10 milyard manatını məmurlar oğurlayırlar. Bu 20 milyardın hər il 2 milyardı maaşlara, təqaüdlərə, müavinətlərə ayrılsaydı, kasıblıq bu həddə çatmazdı. Orta səviyyəli bir məmurun sərvəti milyardlarla ölçüldüyü halda müəllimin, həkimin maaşı 200-300 manatdır, bu maaşla bir ay heç iti də saxlamaq olmaz. Ümumiyyətlə, ölkədə siyasət düzgün getmir. Büdcəni vergilər və gömrük komitəsinin hesabına doldurmağa çalışırlar. Tez-tez gömrük və vergi orqanlarının rəhbərləri hesabat verirlər ki, büdcəyə bu qədər pul veriblər. Araşdırsalar məlum olar ki, bu pulların müqabilində nə qədər iş yeri bağlanıb, nə qədər adam işsiz qalıb. Azərbaycan Rusiya ilə Avroasiya İttifaqına girmədiyi üçün iki milyondan artıq azərbaycanlı mühacirə Rusiyada böyük təzyiqlər edilir, kənd əhalimiz məhsulunu Rusiya bazarına çıxara bilmir. Ermənilər isə Rusiya ilə Avroasiya İttifaqına girdikləri üçün onlara Rusiyada xeyli güzəştlər edilir, dövlət səviyyəsində imkanlar yaradılır. Kəndlinin faciəsini göstərmək üçün sadə bir fakt yazım. Şamaxıda çoxlu sayda kəndli bankdan kredit götürdü, kiloqramı 4 manatdan sarımsaq alıb əkdi. Gömrükdən Rusiyaya keçirmək mümkün olmadığı üçün 2017-ci ildə kiloqramı 12 manata olan sarımsağın kiloqramı ötən il 50 qəpiyə düşdü. Kəndlilər hazırda düşdükləri fəlakətlə baş-başa qalıblar. Belə faciələr çoxdur. Bunların köklü həlli lazımdır. İndiki hakimiyyət bu vəziyyəti özü yaratdığından onu həll etməyə qadir deyil. Ən azından ona görə ki, nə qədər İlham Əliyev hakimiyyətdədir, onun xalası oğlu Fikrət Məmmədov ədliyyə naziri olaraq qalacaq, korrupsiyalaşmış güc strukturlarına nəzarət edən Fuad Ələsgərova heç kim söz deməyə cəsarət etməyəcək. Fikrət Məmmədovun adı heç yerdə çəkilmir, sanki ölkədə belə bir məmur yoxdur, halbuki o, ölkənin ən vacib strukturlarına rəhbərlik edir. 1955-ci ildə anadan olan Fikrət Məmmədov Kommunist Partiyasının Mərkəzi Komitəsində, prokurorluq orqanlarında çalışıb. 2000-ci ilin aprel ayından Ədliyyə naziridir. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədri, həmin ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın və prezident yanında Təhsil üzrə komissiyanın üzvüdür. Məhkəmələri, həbsxanaları, vəkillik institutunu, nigah orqanlarını, notariat kontorlarını, bələdiyyələri idarə edən bu məmur ölkənin bir hissəsini iflic edib. Yalnız həbsxanalardan Fikrət Məmmədovun himayədarlığı ilə ayda milyonlarla manat oğurluq və rüşvət pullar yığılır. Hər məhbusun ailəsi ayda məhbusa 400 manatadək pul xərcləyir. Ayda bir dəfə məhbusla görüşmək üçün 40 manat rüşvət vermək lazımdır. Ailəsi məhbusa yemək və sair aparmasa, o, acından və xəstəlikdən ölməyə məhkumdur. Hazırda ölkəmizdə 20 min nəfərdən artıq məhbus var. Prezident İlham Əliyevin xalası oğlu olan Fikrət Məmmədovun bəs niyə adı heç yerdə hallanmır? Onun rəhbərlik etdiyi sahələrdən yığılan qeyri-qanuni milyonlar hara gedir, onun harada mülkləri var, hansı ölkədə biznesi var? İlham Əliyevin ailəsinin mülkiyyətindən yazan jurnalistlər niyə onun adını çəkməyə qorxurlar? Bir nəfər jurnalist danışdı ki, həbsxanalarla bağlı yazı hazırlayıbmış, az qalıb ki onu həbs etsinlər, qorxusundan yazını ləğv edib. Ölkəmizdə vəkillik institutunu hakimlərlə vəkillərin rüşvət sövdələşməsi həddinə çatdıran Fikrət Məmmədov müstəqil hüquq firmalarının yaranmasına imkan vermir. Ədalətsiz məhkəmə hökümləri nə qədər vətəndaşın ürəyini partladıb. Jurnalistlər də, vəkillər də, məhbuslar da, hakimlər də Fikrət Məmmədovdan qorxurlar. Mən deyərdim ki, vətəndaşlar qəzəbli, zəhmli Heydər Əliyevdən bu qədər qorxmurdular. Heydər Əliyev hakimiyyətdə olanda onu tənqid edənlər Fikrət Məmmədovu tənqid etməyə qorxurlar. Belə çıxır ki, Əliyevlər hakimiyyətdə qaldıqca Fikrət Məmmədov da vəzifəsinin icrasını davam etdirəcək və bu ölkədə heç nə dəyişməyəcək. Reytinq.az saytında Akif Cabbarlının “Qəbirstanlıqdan birbaşa...saunaya” adlı yazısını oxumaq kifayətdir ki, hazırda necə adamların vəzifə başında olmasını görəsən. Əxlaqlı adamların harada olmasını bilmək istəsəniz YOUTUBE-da Aşıq Əhlimanın ifasında “Bir gəlin özünü qayadan atdı” mahnısına qulaq asın. Mahnı Laçın işğal olunan zaman düşmənə əsir düşməmək üçün körpəsi qucağında özünü qayadan atan dağlar gözəlinə həsr olunub. Belə mahnıları televiziya ekranlarına buraxmırlar. Bu faciə Xocalı və 20 yanvar faciəsindən heç də əhəmiyyətsiz deyil. Niyə məhz 20 yanvarı və Xocalını qabardırlar? Bu haqda düşünmək pis olmaz.  

Hər bir vətəndaş düşdüyü ağır vəziyyətdən çıxmaq üçün təklikdə çarpışır. Hesab edirəm ki, dövlətin dəstəyi olmadan vətəndaşlar yaşadıqları ağır problemlərin həllinə nail olmayacaqlar. Yenə də çox sevdiyim Lev Tolstoydan misal çəkmək istəyirəm. Tolstoy vətənpərvər bir ziyalı kimi kəndliləri savadlandırmaq üçün öz hesabına məktəb açırdı, aclara yardım üçün xeyriyyə cəmiyyəti yaradırdı, amma heç nəyə nail ola bilmirdi, rus xalqının vəziyyəti ildən-ilə ağırlaşırdı. İnqilabdan sonra savadsızlıq da, aclıq da dövlət siyasəti nəticəsində köklü şəkildə öz həllini tapdı. Türkiyədə yaşayan bir tanışımla söhbət etdim. O dedi ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləridir. Türklər ümid edirlər ki, seçkidən sonra vəziyyət yaxşı olacaq. Bizim isə bu ilin dekabrında keçiriləçək bələdiyyə seçkilərindən sonra vəziyyətin dəyişəcəyinə heç ümidimiz də yoxdur, çünki seçkilərimiz formal xarakter daşıyır.

88 yaşlı rus qonşumla hazırkı vəziyyət barədə söhbətləşdim. Kiçik təqaüdlə yoxsulluq içərisində yaşayan bu tənha qarı eşidəndə ki, keçmiş cəbhəçilər yenidən hakimiyyətə gəlməyə can atırlar, üzünü dərin kədər bürüdü. Millətçilərin hakimiyyətə gəlməsi çoxmillətli Azərbaycana yaxşı heç nə vəd etmir. Mən ümumiyyətlə, dünyada ən böyük millətçi olan, dünyanı qana çalxayan, alman xalqını dünyada xəcalətli edən Hitler başda olmaqla bütün millətçilərə Allahsız kimi baxıram. Ədalətli insan üçün bir Allah var, bir də onun yaratdığı insan. Qanun qarşısında hər bir insan millətindən, dinindən asılı olmayaraq bərabərdir. Bizim millətçilər Hitleri və onunla müttəfiq olan Rəsulzadəni özlərinə örnək seçiblər. Onlar haqlı olduqlarını sübut edə bilmədikləri üçün millətçiliyi qəbul etməyənləri küçə söyüşləri ilə təhqir edirlər. Belə adamların hakimiyyətə gəlməsi həqiqətən fəlakətdir. Bir nəfər qaçqın da keçmiş cəbhəçilərin yenidən hakimiyyətə can atması ilə bağlı bildirdi ki, “onlar bir dəfə hakimiyyətdə oldular, özlərini doğrultmadılar.” Millətçilərin hakimiyyətə gəlməsi İlham Əliyevin komandası üçün daha böyük faciə olacaq. Təəssüf ki, hakimiyyətə iddia edən üçüncü qüvvə hələlik yoxdur. Müstəqil olduğumuz 25 il ərzində demokratik siyasi mübarizə getsəydi, siyasi xadimlər yetişərdi, xalqın seçim etmək imkanı olardı. Təəssüf ki planlı şəkildə demokratik qüvvələrin təşkilatlanmasına imkan verilmədi, vicdanlı, savadlı insanların əl-qolunu bağladılar .Yeni sima adıyla Əli İnsanov siyasət meydanına atılmaq istəyir. İlk çıxışları göstərdi ki, Əli İnsanov siyasətçi deyil. Onun ən böyük səhvi tayfa marağından çıxış etməsidir. Qərbi Azərbaycandan olan tayfaya arxalanmaqla o, bütün Azərbaycan xalqını özünə qarşı qoyur. Əli Kərimov da tayfaya arxalanaraq siyasi meydana atılıb. Amma o, hiyləgər olduğu üçün xalqın adından danışır. Əli Kərimov və onun arxalandığı tayfa hesab edir ki, Azərbaycanın sərvətləri əllərində cəmləşdiyi üçün onlar hakimiyyəti əllərində əbədi saxlaya bilərlər. Ölkənin sərvətləri bu tayfanın əlində cəmləşdiyi üçün müxalifətdə də onlardır, hakimiyyətdə də. Bu səbəbdən də üçüncü qüvvə formalaşa bilməyib, digər regionlardan olan ağıllı, bacarıqlı insanlara pul qazanmaq, siyasi fəaliyyət imkanı verilməyib. Məsəl var: “Sən saydığını say, gör fələk nə sayır”. Qüdrətli Səfəvilər, Abbasilər, Qacarlar sülaləsi əbədi hakimiyyətdə qala bilməyibsə, Əli İnsanovun və Əli Kərimovun arxalandığı, 1969-cu ildən bəri Azərbaycanda kök atan sülalə də hakimiyyətdə əbədi qala bilməz. Su da bir yerdə çox qalanda iylənir. Ölkədə demokratik seçki getməlidir. 5 ildən bir haklimiyyət dəyişməlidir. Başqa cür yaşamaq mümkün deyil. Biz 21-ci əsrin vətəndaşıyıq, bizi 16-cə əsrə qaytarmaq mümkün deyil.  

Yenilənmişdir Bazar, 14 Aprel 2019 16:25
каталог фаберлик на сайте faberllena.ru
народная медицина
FaLang translation system by Faboba