DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


OQTAY ŞİRƏLİYEVİN SERTİFİKAT BİZNESİ

metanetMətanət Əliyeva

 

Hər bir işin arxasında məqsəd dayanır. Səhiyyə və təhsil sahəsində daim yeniliklər edilir ki, bunların da arxasında konkret məqsədlər dayanır. Məsələn, tibb işçilərindən və müəllimlərdən imtahan götürülür. Əslində bu işin məqsədi tibbi xidmətin və təhsilin səviyyəsini yüksəltmək olmalıdır. Reallıqda isə bu işin məqsədi mafiya (mütəşəkkil cinayətkar dəstə) üzvlərinin külli miqdarda pul qazanmasıdır. Həkimlərdən 5-10 min manat alıb onlara sertifikat verirlər. Mafiyanın üzvü olan bir nəfər özü üçün biznes qurub, tibb işçilərinə sertifikat satmaqla pul qazanır. Sertifikat oyunu əhalinin vəziyyətini daha da ağırlaşdırır, çünki həkimlər sertifikat almaq üçün verdikləri pulu xəstələrdən çıxartmağa məcbur olurlar. Təqaüd yaşına az qalmış təcrübəli tibb bacıları imtahandan keçə bilmirlər, bunun da arxasında təhsil mafiyasının şəxsi maraqları dayanır. Təhsil siyasətində də görülən bütün işlərin arxasında savad vermək yox, pul qazanmaq məqsədi durur. Birinci siniflərə elə dərslər keçirilir ki, universiteti əla qiymətlərlə bitirən valideynlər onu həll edə bilmirlər, ona görə də məcbur olub repetitor tuturlar. Kurikulum adı ilə uşaqların əsəblərini məhv edən təhsil mafiyası hər il milyardlarla manat pul qazanır. Ölkədə al-ver siyasəti gedir. Bir nəfər tanışa bizim yanımızda dostu zəng etdi. Dost Müdafiə nazirliyinə təzə vəzifəyə düzəlmişdi. Onun rəisi bizim tanışla dost idi. Zəng edən soruşdu ki, rəis necə işləməyi məsləhət görür, düzgün işləsin, yoxsa rüşvət alıb ona da versin. Cavab aydın idi. Bizi gülmək tutdu. Məmurları dəyişməyin heç bir fərqi yoxdur. Təzə gələn hər bir məmur aşağıları talayıb yuxarılara verməlidir. Bu, dövlət siyasətidir. Prezident bir neçə naziri dəyişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri haqqında yazdılar ki, Səlim Müslümov tarixdə ən mürtəce qanunların müəllifi kimi qalacaq. Onun vaxtında təqaüd yaşı 65-ə qaldırıldı və 2006-cı ilə qədər olan iş stajlarının hər ilinə görə təqaüdçülərə təxminən 2 manat pul hesablandığı üçün onlar cüzi təqaüd almalı oldular. Mən isə deyirəm ki, işdən çıxarılan bütün məmurlar cinayətkar mafiyanın nökəri olublar, xalqı talayıb mafiozların cibini doldurublar, yaltaq, oğru, yalançı nökər rolunu oynayıblar. Vəzifədən çıxarılandan sonra miskin varlığa çevriliblər. Bir insanın həqiqi dəyərini bilmək üçün onu vəzifədən çıxmış şəkildə təsəvvür etmək kifayətdir. Bunu bir dəfə yazmışam, bir daha da yazıram. Orduya işə düzələn gənclərdən 2-3 min manat rüşvət alırlar. Özü də bu qədər rüşvəti cəbhə bölgəsində xidmət edən gənclərdən alırlar. Rüşvətlə qurulan orduda qələbə əzmi olmaz. Düşmənlə üz-üzə durmaq üçün rüşvətlə işə götürülən gənc vətənini sevə bilməz. Belə gənclər yalnız nifrət və qəzəb hissi ilə yaşaya bilərlər. Mən hesab edirəm ki, Ermənistanda vəziyyət bizdəkindən daha yaxşıdır. Ermənilər müstəqilliyə çıxandan sonra düzgün müttəfiq seçdiklərindən torpaq itirmədilər, əksinə, torpaq qazandılar. Heç bir təbii sərvəti olmayan ermənilər maddi cəhətdən bizdən yaxşı yaşayırlar. Ermənilər ölkədə siyasi islahatlar apararaq parlament respublikasına keçdilər, heç bir qan tökmədən “Qarabağ klanını” hakimiyyətdən uzaqlaşdırdılar. Azərbaycanı “Qarabağ klanı”ndan daha yırtıcı olan “Ermənistan klanı” idarə edir. Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş bu klan Sarkisyan hökumətindən fərqli olaraq qan tökməmiş hakimiyyəti verməz. Ümumiyyətlə isə, bizim xalq zülmə baş əyib, hesab edir ki, bu zülm əbədidir, heç bir çıxış yolu yoxdur. 

Bütün bunları bildiyim halda bəzən reallıq hissini itirirəm. Ümid edirəm ki, məmurlar haqqın yoluna gələcəklər, sadə vətəndaşları da fikirləşəcəklər. Hacıqabul əhalisinin verdiyi məlumata əsasən, yaxın günlərdə prezident İlham Əliyev rayona səfər edəcək. Rayonda sənaye zonası yaradılacaq, kiçik yük maşınları istehsal olunacaq. Eyni zamanda Paşa holdinq və Gilan holdinq rayonda min hektarlarla torpaq sahəsi götürüb, taxıl əkilib, gələcəkdə pambıq əkiləcək. Prezident yəqin ki, onlara da baş çəkəcək. Faciə ondadır ki, melorasiya idarəsi Paşa holdinqin də, Gilan holdinqin də torpaqlarına Kürdən su çəkib. Yerli əhaliyə bu sudan verilmədiyi üçün əhali torpaqlarını əkə bilmir. İçməli su sayğacla verildiyi üçün sakinlər həyətyanı sahələrindəki ağacları da sulaya bilmirlər. Bəzi sakinlər sayğacdan kənar oğurluq sudan istifadə edirlər və buna görə rüşvət verməli olurlar. Əhali suyu havayı istəmir, sayğac qoyub pulla suyun verilməsini istəyirlər. 10 hektar torpağı olan bir yerli sakinə dedim ki, prezidentin və icra başçısının adına məktub yazım verim , bütün torpaq sahibləri imzalasın, məktubu ünvanına göndərin. Torpaq sahibi dedi ki, birini də vitse-prezidentin adına yaz. Faciəmizin pik nöqtəsi də budur. Əhali prezidentin acizliyini qəbul edir, onun başının üstündən vitse-prezidentə müraciət edir. Qohumlarım mənim bu təşəbbüsümə qəzəblənib məni o ki var danladılar ki, nə vaxta qədər xəyallarla yaşayacağam. Amma mən yenə də fikrimdən dönmədim.

Məktubu yazıb sakinlərə göndərəcəyəm. Məktubun surətini oxuculara da təqdim edirəm .

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

 

Surəti: Vitse-prezident Mehriban xanım Əliyevaya

 

Surəti: Hacıqabul rayon icra hakimiyyətinin başçısı cənab Əhməd Muxtarova

 

Hörmətli prezident! Biz Hacıqabul rayon sakinləri su olmadığı üçün torpaqlarımızı əkib-becərə bilmirik. Keçən il Melorasiya idarəsi “Paşa” holdinqin və “Gilan” holdinqin Hacıqabuldakı torpaqlarına su çəkiblər. Xahiş edirik həmin sudan sayğac vasitəsilə yerli sakinlərə də verilsin. Pulunu ödəməyə hazırıq. Nəzərinizə çatdırırq ki, nəinki iri torpaq sahibləri, kiçik həyətyanı sahəsi olah sakinlər də bağçalarındakı bir-iki ağacı sulaya bilmirlər, çünki içməli su sayğacla verilir, qiyməti bahadır. Vətəndaşlar oğurluq yolla ağaclarını sulamağa məcburdurlar, bu da rüşvətxorluğa səbəb olur.

 

Cənab prezident! Sizin humanistliyinizə inanaraq müsbət nəticə gözləyirik.

 

Hörmətlə, Hacıqabul rayon sakinləri.

 

Yenilənmişdir Çərşənbə axşamı, 14 Avqust 2018 16:30
каталог фаберлик на сайте faberllena.ru
народная медицина