DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Qanlı döyüş səhnələri, sevgi və xəyanət, müharibə və zorakılıq, aqressiya və qan...

Son illər televiziyaların yayınladığı və uşaqların maraqla izlədiyi animasiya filmlərinin əsas mövzusu və mənzərəsi bunlardır.
Uşaqlar ən yaxşı halda “Tom və Cerri”yə, “Calliou”, “Şirek” və ya “Barbi”yə baxa bilirlər. Digərlərinə nisbətdə bu cizgi filmlərində aqressiya, zorakılıq göstərilməsə də nağıl qəhrəmanları çəkildiyi ölkələrin mədəniyyətini təbliğ edirlər.
Doğrudur, televiziyalarda ara-sıra Azərbaycanın animasiya filmlərinə də rast gəlirik. Lakin 3D Max və ya Maya proqramı vasitəsi ilə hazırlanmış filmləri izləyən uşaqlar üçün daha “Cırtdan”, “Ayı və siçan” və ya“Şir və öküz” maraqlı deyil.
Mütəxəssislər də etiraf edirlər ki, Azərbaycanda son illər keyfiyyətli animasiya filmləri çəkilmir. Bir sözlə, bu sahə ya bilərəkdən, ya da məsuliyyətsizlikdən məhv olmaq üzrədir.
İlk cizgi filmi olan “Cırtdan”ın yaradıcısı, “AZAN” Film Studiyasının keçmiş bədii rəhbəri və direktoru Elçin Hami Axundov virtualaz.org saytına açıqlamasında Mədəniyyət və Turizm Nazirliyini ittiham edir: “1994-cü ildən “AZAN” Film Studiyasında bədii rəhbər olmuşam. 2000-ci ildə məni həm bədii rəhbər, həm də studiyanın müdiri təyin etdilər. Amma hələ 1966-cı ildən animasiya filmləri ilə məşğulam. Əvvəllər həm keyfiyyət, həm də səviyyə baxımından yüksək filmlər çəkilirdi. Yəni filmlərin texniki, təsviri səviyyəsi yüksək olurdu. Son dövrlər isə 3D Max və ya Maya proqramıları dəbə düşüb. Amma 3D Max və ya Maya proqramı vasitəsilə çəkilmiş filmlərə baxmaqla filmləri ərsəyə gətirən mütəxəssislərin animasiya və hərəkət qanunlarından xəbərsiz olduğunu anlamaq olur. Animasiya filmini çəkənlər ən azı bir il bu işi öyrənməlidir”.
Elçin Hami Axundov onu da deyir ki, Azərbaycanda bədii animasiya məhv olub: “Mədəniyyət sahəsi başdan-başa şoulaşıb, yəni hər şey şou üzərində qurulub. Bədii əsərlər az yazılır, ən əsası isə kadr çatışmazlığı var. İndi bu böyda ölkədə bir-iki nəfər animator var, onlar da məndən yaşlıdır”.
Mütəxəssisin sözlərinə görə, problemdən Mədəniyyət və Turizm Nazirliyi də xəbərdardır: “Yerli animasiyanın inkişafı üçün layihə hazırlayaraq hələ 8 il əvvəl Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Hələ o zaman Əbülfəs Qarayev yenicə nazir təyin olunmuşdu. Nazirlər Kabinetinə də müraciət etmişəm. Bu sahənin inkişafı kadr hazırlığından başlayır. Kadr hazırlığı üçün sonuncu kurslar 1970-1980-cı illərdə yaradılmışdı. O kursları bitirən kadrlar iş tapa bilmədilər, indi biri “Disney” studyasında çalışır. Digər kadrlar isə Fransa, Almaniya kimi ölkələrdə özəl studiyalar yaradıblar. Kadr hazırlığından sonra 10 dəqiqəlik animasiya filmləri çəkə bilərik, bundan sonra yarım saatlıq filmlər çəkib, bazara çıxarmaq mümkündür. Nazirlik 8 ildir susur, layihəyə münasibətini açıqlamır, kadr hazırlığına diqqət yetirilmir”.
Animator deyir ki, Azərbaycanda animasiyanın inkişafı üçün ilkin mərhələdə cəmi təxminən 350 min manata ehtiyac var: “Ötən ay “Mir” telekanalında Ermənistanla bağlı veriliş nümayiş olundu. Ermənistan milli animasiyanın inkişafı üçün 500 min dollar vəsait ayırıb. İqtisadiyyatı pis gündə, əhalisi bizdən qat-qat az olan Ermənistanda animasiyanın əhəmiyyəti anlayaraq kadr hazırlığına başlayıblar. Biz də 8 il əvvəl kadr hazırlığına başlasaydıq, indi artıq öz animasiya filmlərimizi bazara da çıxara bilərdik”.
Elçin Hami Axundov onu da söyləyir ki, hər sahəyə maliyyə ayrıldığı halda animasiyanın inkişafı üçün maliyyə verilməməsi adamı ağrıdır: “Mütəxəssislərə fizikanı, hərəkətin qanunlarını, hərəkətin fizikasını, mexanikasını, pantomima teatrını, musiqini öyrətməlisən. Hindistan, İran animasiyasının inkişafında öz sözünü demiş Vladimir Tarasov Azərbaycana gəlib burada işləyə bilər. Lakin onun ölkəmizdə çalışması üçün pul lazımdır. Mən Milli Televiziya və Radio Şurasına da müraciət etdim ki, hər televiziya özləri üçün kadr hazırlığına başlasın, iki kadrın hazırlanmasına lazım olan vəsaiti ödəsin. Təki kadr olsun və uşaqlar üçün milli və keyfiyyətli animasiya çəkilsin”.
Mütəxəssisin fikrincə, heç bir ailə və ya məktəb animasiya filmləri qədər uşaqların şəxsiyyət kimi formalaşmasına təsir edə bilməz.

Aqressiya, yoxsa
erkən həvəs?!

Təxminən 3 il əvvəl ABŞ-ın Uşaq Araşdırma İnstitutu animasiya filmlərinin uşaqlar üzərindəki təsirini araşdırmışdı. Bəlli olmuşdu ki, bir neçə gün mütəmadi rəngli və hərəkətli filmi izləyən 1-4 yaşlı uşağın davranışı yaşıdlarından fərqlidir. Hətta cizgi filmlərinin təsirindən sonra uşaqların aqressiv davrandığı da təsdiqlənmişdi.
Daha sonra uşaqlarda yanlış cinsi tərbiyəyə səbəb ola biləcək filmlər tənqid hədəfinə tuş gəldi. Bu filmlərin arasında açıq-saçıq səhnələrlə dolu “Simson” serialı nümunə kimi səsləndirildi.
Amma maraqlıdır ki, tənqiddən sonra adları açıqlanan filmlərə baxış sayı birdən-birə artmağa başlamışdı.
Uşaqlarda aqressiya yaradan cizgi filmlərinin arasında “Tom və Cerri” filminin də adı hallandırılır. Hərçənd ki, indi nümayiş olunan filmlərlə müqayisədə bu film ideal nümunə kimi göstərilə bilər.
Psixoloq İradə Nəbiyeva da bu fikirdədir. O deyir ki, terror və qətllərin, ailədə və cəmiyyətdə yanlış rəftarın kökünü oyuncaqlar və cizgi filmlərində axtarmaq lazımdır: “5-13 yaşlı qızların maraqla izlədiyi “Barbi” serialı sonda Barbi və sevgilisinin toyu və öpüşməsi ilə bitir. Buna qədər isə heyvanları zəhərləyən, insanlara zərər verən pis insanlarla, şər qüvvələrlə mübarizə aparılır. Doğrudur, bəzən filmlərdə tərbiyəvi əhəmiyyətli nüanslara rast gəlinir. Amma uşaqların çoxu filmdəki Barbiyə bənzəməyə çalışırlar, mini ətək, əllərin üzərində döymələr və s. istəyirlər. Nəzərə alaq ki, Barbi, yəni nağıl qəhrəmanı çox zaman onların həmyaşıdı deyil, gənc qız olur. Uşaqlar isə məsələn, 17 və ya 20 yaşında qıza bənzəmək istəyirlər”.
İ.Nəbiyevanın sözlərinə görə, cizgi filmləri yaş qrupları üzrə bölünməlidir: “Bütün dünyada cizgi filmləri nümayiş olunanda onların mütləq hansı yaş qrupuna aid olduğu göstərilir. Azərbaycanda televiziyalarda bu təcrübəyə rast gəlməmişəm. Rəngli, obrazlı, sadə və tərbiyəvi istiqamətinə görə nağıllara yaxın olan filmlər azyaşlılar üçün nəzərdə tutulub. Bu filmlər uşaqlara dostluq, həmyaşıdları ilə mehriban davranış təbliğ edir”.
Psixoloq deyir ki, indiki halda cizgi filmi seçimi valideynlərin üzərinə düşür: “Məsələn, mən özüm övladımın məşhur “Tom və Ceri” filmini izləməsinə icazə vermirəm. Tom qaçır, Ceri təqib edir, ya da əksinə olur. Tərəflər bir-birini yandırmağa, balta ilə, taxta ilə, daşla vurmağa, zərər verməyə çalışırlar. “Hörümçək-adam” filmində də ərtafa, heyvanlara zərər vurma səhnələri var. Azyaşlı uşaqlar xeyirlə şərin mübarizəsinə hazır deyil, onlar kimin haqlı, kimin haqsız olduğunu ayırd edə bilmirlər. Buna görə də belə filmlər uşaqlara şüuraltı təsir göstərir, onlara qəddarlıq, aqressiya aşılayır. Mən məsləhət görərdim ki, uşaqlar yalnız valideynlərin yanında, yəni onlarla birgə film izləsinlər. Təbii ki, valideyn özü də hansı filmin zərərli olub-olmadığını bilməlidir”.
Uzun illərdir uşaq bağçasında çalışan təcrübəli pedaqoq Nailə Hüseynova isə zorakılıq və qanlı səhnələri əks etdirən animasiya və bədii filmlərin, serialların nümayişinə qarşıdır: “Uşaqları indi “Tıq-tıq xanım”la, “Məlikməmməd”lə təəccübləndirmək olmaz. Onlar kompüterdən, televiziyadan kifayət qədər məlumat alırlar. Amma yeni və müasir filmlər çəkilə bilər. Məsələn, Azərbaycanın milli qəhrəmanlarının taleyindən cizgi filmləri çəkilə bilər. Lakin döyüş səhnələri elə çəkilməlidir ki, uşaqların psixologiyasına mənfi təsir göstərməsin”.
Bakı Oyuncaq Fabrikinin əməkdaşı olmuş Şakir Məmmədov isə deyir ki, sovetlər dönəmində oyuncaq istehsalı və cizgi filmləri xüsusi diqqətdə olub: “Uşaqların məqsədyönlü tərbiyəsi üçün xüsusi proqramlar işlənirdi. Siz o dövrün gəlinciklərinə baxsanız görərsiniz ki, Azərbaycanda istehsal olunan kuklalar Fatmaya, Zeynəbə deyil, Nataşaya bənzəyirdi. Hətta geyim seçəndə də Rusiyanın milli üslubu əsas götürülürdü. Çünki təbliğat uşaqlıq dövründən başlayır. Qəddarlığın, zorakılığın təbliğatı da indi sanki məqsədyönlü aparılır”.
Ş.Məmmədov milli animasiya filmlərinə, oyuncaq istehsalına ehtiyac olduğunu deyir: “Azərbaycanda milli çalarları əks etdirən heç nə yoxdur. Nə milli seriallar, nə ailə dəyərləri, nə də bədii filmləri nümunə gətirmək olmur”.

Səhifəni hazırladı: Aqil

каталог фаберлик на сайте faberllena.ru
народная медицина